Rusiyanın Azərbaycanlı Gənclər Birliyi qadın voleybol komandaları arasında turnir keçirib
Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) Beynəlxalq Qadınlar Günü münasibətilə qadın voleybol komandaları arasında turnir keçirib.

Turnirdə Rusiya paytaxtındakı ali məktəblərin Azərbaycan klublarından ibarət altı komanda iştirak edib.

RAGB-nin məsul katibi Ceyhun Hüseynov turnirdə iştirak edən bütün qızları bayram münasibətilə təbrik edib.

C. Hüseynov RAGB-nin sədri Leyla Əliyeva tərəfindən gənclər arasında sağlam həyat tərzinin təbliğinə və idmanın populyarlaşdırılmasına xüsusi diqqət ayrıldığını vurğulayaraq, komandalara ədalətli oyun və uğurlar arzu edib.

RAGB layihələrinin əlaqələndiricisi Ramin Rəcəbov turnir iştirakçılarına uğurlar arzulayıb.

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin əməkdaşı Nazim İsmayılzadə təbriklərə və xoş arzulara qoşulduğunu bildirərək vurğulayıb ki, bu turnirin əsas məqsədi dostluğun və sülhün qalib gəlməsidir.

Rusiya Xalqlar Dostluğu Universitetinin (RXDU), M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU), Dövlət İdarəçilik Universitetinin (DİU) və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) komandaları turnirin yarımfinal mərhələsinə çıxıblar.

Yarımfinal matçlarının yekunlarına əsasən finalda MDU və DİU komandaları qarşılaşıb. Bu həlledici mərhələdə DİU komandası birinci, MDU komandası ikinci, RXDU komandası üçüncü yeri tutub.

Fidan Ağəmmədova (RXDU), Leyla Süleymanova (Seçenov Universiteti), Svetlana Barannikova (RXDU) turnirin ən yaxşı oyunçuları, Karina Vinokurova (DİU) ən yaxşı hücumçu, Aynur Quliyeva (MDU) ən yaxşı ötürücü, Cavidan Babaşova (Seçenov Universiteti) ən yaxşı qəbuledici, Moskva Dövlət Pedaqoji Universitetini təmsil edən tamaşaçılar ən yaxşı dəstək qrupu hesab edilib.

İdman tədbirlərinin keçirilməsi RAGB-nin gənclər arasında idmanı və sağlam həyat tərzini təbliğ etmək təcrübəsində yaxşı bir ənənəsinə çevrilib. Təşkilat hər il futbol üzrə “Heydər Əliyev Kuboku”, idman universiadaları, Sağlamlıq Günləri kimi tədbirlər keçirir, RAGB-nin nəzdində futbol, voleybol seksiyaları və bir sıra başqa seksiyalar fəaliyyət göstərir.

AZƏRTAC

Xəbər 411 dəfə oxundu.