“Valorant” yarışının qalibi müəyyənləşib
“Gaming League Azerbaijan”ın təşkilatçılığı, Gənclər və İdman, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Azərbaycan Kiberidman Federasiyasının dəstəyi ilə Azərbaycanda ilk dəfə “Valorant” turniri keçirilib.

Gözlənildiyi kimi böyük marağa səbəb olan turnirdə ümumilikdə 28 komanda iştirak edib.

Finalda “Strong Union” komandasını 2:0 hesabı ilə üstələyən “The North Remembers” yarışın qalibi olub. Üçüncü yer uğrunda görüşdə isə “21G Esports” komandası “Bruh Gaming”i məğlub edib.

Yarış “YouTube” kanalında “Glahub” və “Instagram”da isə “Glohub” səhifələrində canlı izləmək imkanı var idi.

Qeyd edək ki, 2019-cu ilə qədər olan statistikalara görə, 400 milyondan artıq insanın marağını qazanan kiberidman sahəsinin populyarlığı bu gün də artmaqdadır. Kiberidman 2022-ci ildə baş tutacaq 19-cu Asiya Oyunlarının proqramına sınaq kimi daxil edilib.

Azərbaycanda 2019-cu ildə yaranmış və kiberidman turnirləri həyata keçirən GLA bu günədək 30-dan çox kiberidman çempionatı təşkil edib. Kiberidman mədəniyyətini inkişaf etdirmək məqsədilə yaradılan bu liqanın prioritet məqsədləri Azərbaycanda beynəlxalq səviyyədə idman oyunlarının inkişaf etdirilməsi, həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır.


Xəbər 383 dəfə oxundu.