Naftalanda Bədən Tərbiyəsi və İdman Gününə həsr edilmiş şahmat turnirinin qalibləri mükafatlandırılıb
Naftalan Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Uşaq Gənclər İnkişaf Mərkəzinin yeniyetmə şahmatçıları arasında keçirilmiş onlayn şahmat turnirinin qalibləri mükafatlandırılıblar.

İdarənin rəisi Samir Qocayev 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə idmançıları təbrik edərək, bu günün tarixindən bəhs edib. Bildirilib ki, bu gün Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi ilə bağlı 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir. Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. 2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil olunub. İdmana göstərilən yüksək diqqət və qayğı nəticəsində Azərbaycanda idmanın inkişafı ildən-ilə geniş vüsət alır. İndi Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır.

Sonda qalib şahmatçılara idarə tərəfindən diplom və hədiyyələr təqdim edilib.

Xəbər 549 dəfə oxundu.