Sumqayıt idmanın inkişafına böyük töhfələr verir
Bu gün Azərbaycan dünyanın inkişaf etmiş idman mərkəzlərindən birinə çevrilib. Bunu son illər bir çox mötəbər idman yarışlarına ev sahibliyi etməyimiz, mötəbər arenalarda yüksək nəticələr qazanmağımız bir daha təsdiq edib.

Ölkəmizdə idmanın və bədən tərbiyəsinin inkişafı, bu sahədə qazanılan uğurlar ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olub. Ulu öndər 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra bədən tərbiyəsi və idman sahələrində ciddi dönüş yaranıb. Bütün siyasi fəaliyyəti dövründə millətin sağlamlığına, inkişafına daim diqqət yetirmiş Ulu öndər 1996-cı il avqustun 14-də Milli Olimpiya Komitəsinin üzvləri ilə görüşündə deyib: “Şəxsən mən söz vermişəm ki, idmana xüsusi qayğını öz üzərimə götürürəm. Əmin ola bilərsiniz ki, bu qayğını daim hiss edəcəksiniz”. Böyük şəxsiyyət tərəfindən səslənən bu fikir sonrakı illərdə Azərbaycan idmanının inkişafında özünü göstərib.

Ulu öndərin idman sahəsində həyata keçirdiyi siyasət cənab İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə mühüm mərhələyə qədəm qoyub. Cənab İlham Əliyevin Azərbaycan idmanının dünya miqyasında tanınması üçün atdığı addımlar və bu sahədə görülən işlər qısa zamanda öz bəhrəsini verməyə başlayıb. İdmançılara dövlət qayğısı ilə yanaşı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlərə start verilib. O, 2003-cü ilin oktyabrında Prezident seçildikdən sonra da idmanın və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlər həyata keçirilməsini diqqətində saxlayıb, respublikanın idman imicinin yüksəlməsinə çalışıb.

Azərbaycanın bütün bölgələri ilə yanaşı Sumqayıtda da idmanın inkişafı daim diqqət mərkəzində saxlanılıb. Sumqayıtda idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən infrastruktur formalaşdırılıb. Təsadüfi deyil ki, şəhərimizdə yeniyetmə və kiçikyaşlı uşaqların idmana marağı ildən-ilə artır. Hazırda şəhərdə fəaliyyət göstərən Olimpiya, Paralimpiya və digər idman komplekslərində, idman məktəblərində yeniyetmə və gənclər idmanın müxtəlif növləri üzrə məşğul olublar. Sumqayıtda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir. İdmançılarımız Respublika, həmçinin beynəlxalq səviyyəli yarışlarda uğurla iştirak edərək şəhərimizi və ölkəmizi layiqincə təmsil ediblər.

Bu gün fəxrlə qeyd edə bilərik ki, Sumqayıt idmanının ən böyük uğuru müxtəlif illərdə keçirilmiş Yay Olimpiya və Paralimpiya oyunlarında qazanılmış medallar olub. Belə ki, para-cüdo üzrə iki qat Paralimpiya çempionu və bürünc mükafatçısı İlham Zəkiyev, gümüş mükafatçısı Kərim Sərdarov, Tofiq Məmmədov, bürünc mükafatçısı Rövşən Səfərov, boks üzrə Yay Olimpiya Oyunlarının bürünc mükafatçıları Fuad Aslanov, Şahin İmranov, Yeniyetmələrin Yay Olimpiya Oyunlarında sərbəst güləş üzrə gümüş medal mükafatçısı Kənan Quliyev, cüdo üzrə gümüş medal mükafatçısı Natiq Qurbanlı qazandıqları yüksək nailiyyətlər ilə ölkə idmanının dünya səviyyəsində tanınmasına böyük töhfə veriblər. Ən böyük uğurlarımız Sumqayıtda ölkəmizi beynəlxalq yarışlarda təmsil edən idmançıların, Beynəlxalq qrossmeysterlərin yetişməsidir. Qrossmeyster Zeynəb Məmmədyarova 18 yaşadək qızlar arasında Dünya birinciliyinin, 20 yaşadək qızlar arasında Avropa birinciliyinin qızıl mükafatçısı, Ümumdünya Şahmat Olimpiadasının gümüş mükafatçısı olub.
Qrossmeyster Şəhriyar Məmmədyarov dünyada 20 yaşadək şahmatçılar arasında ikiqat Dünya çempionu tituluna sahib olan yeganə şahmatçıdır. Taekvondo üzrə Niyaməddin Paşayev, boks üzrə Elvin Məmişzadə, karatenin VKF versiyası üzrə Rəfael Ağayev dünya çempionu olmaqla şəhərin idman tarixinə yeni parlaq səhifə yazıblar. Bu ənənəni yeniyetmə və gənc idmançılardan ağır atletika üzrə Əli Şükürlü, Murad Əliyev, karatenin VKF versiyası üzrə Murad Hacızadə, Osman Osmanlı, yunan-roma güləşi üzrə Təvəkkül Həziyev, Fərid Xəlilov, boks üzrə Məhəmməd Əsrəliyev, cüdo üzrə Rövşən Əliyev, Kamran Süleymanov, Ruslan Səfixanov, Səbinə Əliyeva, Gültac Məmmədəliyeva, taekvondo üzrə Xanoğlan Kərimov, Şamil Mirzəyev, Aydan Süleymanova, şahmat üzrə Murad İbrahimli, Səbinə Rzalı, sambo üzrəToğrul Salmanov, Kənan İsmayılov davam etdirərək Avropa və Dünya birinciliklərində mükafatçılar sırasına adlarını yazdırıblar.

Daha bir uğurumuz isə Yaponiyanın Tokio şəhərində keçirilməsi planlaşdırılan Yay Olimpiya və Paralimpiya Oyunlarına şəhərimizin 4 idmançısı – karatenin VKF versiyası üzrə Rəfael Ağayev, cüdo üzrə İlham Zəkiyev, pauerliftq üzrə Elşən Hüseynov və güllə atıcılığı üzrə Kamran Zeynalovun vəsiqəni təmin etməsi olub.
İdmanın inkişafına töhfələr verən Sumqayıt idmançıları Azərbaycanın qüdrətini bütün dünyaya göstərən 44 günlük Vətən müharibəsindən də kənarda qalmayıb, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin "Qarabağ Azərbaycandır və nida" şüarı ilə etdiyi çağırışa səs verərək vətən torpağı uğrunda gedən döyüşlərdə şərəflə iştirak ediblər

Sumqayıt şəhər Gənclər və İdman Baş idarəsi.
Bədən tərbiyəsi və idman sektoru


Xəbər 643 dəfə oxundu.