Vətən müharibəsi şəhidi Emil Şamilovun xatirəsinə həsr olunan turnirin qalibləri mükafatlandırılıb
Vətən müharibəsi şəhidi Emil Şamilovun xatirəsinə həsr olunan şahmat və 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə keçirilmiş kata üzrə onlayn turnirlərin qalibləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində (BŞGİBİ) mükafatlandırılıb.

Tədbirdə çıxış edən Baş İdarənin rəisi Raqif Abbasov Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən Emil Şamilovun xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını vurğulayıb, belə igid övlad böyüdən valideynlərə minnətdarlığını bildirib. O, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib. R.Abbasov tədbir iştirakçılarını və bütün idman ictimaiyyətini 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb.

Karantin rejimi ilə əlaqədar müxtəlif saatlarda Baş İdarəyə gələn qaliblərə mükafatları R.Abbasov, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, şəhid Emil Şamilovun qardaşı Əmirxan və digər şəxslər təqdim ediblər.

Təltif olunan klub rəhbərləri, məşqçi, hakim və idmançılar pandemiya dövründə reallaşdırılan müxtəlif layihələrlə məşqçi və idmançılara göstərilən diqqət və qayğıya görə Baş İdarənin rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Xatırladaq ki, karate üzrə dünya, Avropa və 12 qat Azərbaycan çempionu olan Emil Şamilov Vətən müharibəsində ordu sıralarına könüllü yazılaraq, döyüşlərə yollanıb. Hadrut istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Emil Şamilov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Xəbər 601 dəfə oxundu.