Futzal üzrə Azərbaycan millisi Moldova yığmasını qəbul edəcək
Futzal üzrə Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində bu gün Bakı İdman Sarayında Azərbaycan–Moldova oyunu keçiriləcək.

Matçı italiyalı baş hakim Giulio Kolombin idarə edəcək. Ona san-marinolu Daniel Dadamo və azərbaycanlı Əli Cəbrayılov kömək edəcəklər. Qarşılaşmanın saniyəölçəni Azərbaycan Futzal Federasiyasının nümayəndəsi Knyaz Əmiraslanov olacaq. Görüşün hakim inspektoru Petrou Antonis (Kipr), UEFA nümayəndəsi isə Assem Kujanovadır.

Azarkeşlər və media üçün qapalı olan görüş CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq. Matç saat 19:00-da start götürəcək.

Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Slovakiya və Yunanıstan yığmalarını məğlub edən yığmamız turnir cədvəlinin vahid lideridir.

Xəbər 453 dəfə oxundu.