Elmar Babanlı: “Böyük dəbilqə” turnirində cüdoçularımızdan yaxşı nəticələr gözləyirik
Martın 5-də Daşkənddə start götürəcək “Böyük dəbilqə” turnirində iştirak edəcək Azərbaycan cüdoçularından yaxşı nəticələr gözləyirik. Yarışda güclü idmançılarımız çıxış edəcəklər. Onların hamısı yaxşı formadadır.

Bu sözləri Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı müsahibəsində deyib.

O bildirib ki, turnirdə komandanın lideri Rüstəm Orucov da çıxış edəcək. İdmançımız ötən il Macarıstanda keçirilmiş analoji yarışda qalib olub.

Cüdoçularımızdan bəzilərinin zədəsi olduğunu da vurğulayan E.Babanlı qeyd edib: “Ötən ay keçirilmiş analoji yarışda Davud Məmmədsoy (60 kq) zədələndiyi üçün budəfəki turnirdə iştirak etməyəcək. Gənc cüdoçularımızdan isə Aslan Mirzəyev (100 kq) Daşkənddə gücünü sınayacaq. A.Mirzəyev 2019-cu ilin dekabrında kişilər arasında Azərbaycan çempionatında təcrübəli cüdoçular Elmar Qasımov və Zelim Katsoyevi məğlub edərək qalib olub. Ümumiyyətlə, yarışda iştirak edəcək bütün cüdoçularımızın medal şansları var”.

Baş katib qeyd edib ki, kişi cüdoçularımız turnirdən sonra Daşkənddə qalıb “Tokio-2020”yə hazırlıq çərçivəsində təlim-məşq toplanışında iştirak edəcəklər. Onlarla yanaşı, komandanın liderləri sayılan digər cüdoçular da turnirin sonuncu günü Daşkəndə gəlib Özbəkistan yığması ilə birgə keçiriləcək təlim-məşqə qoşulacaqlar. Qadınlardan ibarət komandamız Albaniyada hazırlıq keçəcək. Onların təlim-məşq toplanışı martın 10-dan 20-dək təşkil olunacaq.

“Böyük dəbilqə” yarışında ölkəmizi 12 cüdoçu təmsil edəcək.

AZƏRTAC

Xəbər 402 dəfə oxundu.