Azərbaycan üzgüçüləri Olimpiadaya lisenziya xarakterli beynəlxalq yarışda 12 medal qazanıblar
Latviyanın paytaxtı Riqada “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli beynəlxalq yarışda Azərbaycan üzgüçüləri 4 qızıl, 4 gümüş və 4 bürünc medal qazanmaqla yüksək nəticə göstəriblər.

Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Fərid Bənənyarlı üzgüçülərimizin uğurlu çıxışını şərh edərkən deyib ki, “97th Latvian Open 2021” beynəlxalq turniri lisenziya xarakterli olduğundan çox əhəmiyyətli idi. Bu yarışda üzgüçülərimiz Maksim Şemberyev 400 metr məsafədə qarışıq və 1500 metr məsafədə sərbəst üsulla üzmədə fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medal qazanıb. Fatimə Alkərəmova isə 400 və 800 metr məsafədə sərbəst üsulla üzmə yarışlarında rəqiblərindən güclü olub və aktivinə 2 qızıl medal yazdırıb.

Federasiyanın baş katibi bildirib ki, pandemiya dövründə quru məşqlərin davam etdirilməsi, mütəmadi qaydada xaricdə keçirilən təlim-məşq toplanışlarında milli komandanın iştirakı bu mötəbər turnirdə özünü yüksək nəticələrlə göstərib. Bu nəticələr pandemiya şəraitində çox böyük sıçrayış hesab olunur. Uzun müddət milli komandamız yalnız quru məşqlərlə kifayətlənməli olub. Sonradan federasiyanın, Gənclər və İdman Nazirliyinin birgə səyi nəticəsində üzgüçülərimiz müxtəlif beynəlxalq təlim-məşq toplanışlarında iştirak etdilər. Sonuncu belə toplantı isə fevralın 7-dən Türkiyənin Ərzurum şəhərində beynəlxalq yüksək dağlıq təlim-məşq toplaşınışında reallaşıb. Bu toplanışda Türkiyənin ən güclü klubları – “Qalatasaray”, “Fənərbağça”, “MK”, Macarıstan və Niderland yığmaları iştirak ediblər. On səkkiz günü əhatə edən təlim-məşq toplanışından sonra komandanın Latviyadakı beynəlxalq yarışda qazandığı nəticə çox qənaətbəxşdir.

Fərid Bənənyarlı qeyd edib ki, bu beynəlxalq turnirdə üzgüçülərimizdən Ramil Vəlizadə 200 metr məsafədə batt, Selcan Əbdurəhmanlı 400 və 800 metr məsafədə sərbəst üsulla üzmə, Ayan Kələntərova 400 metr məsafəyə qarışıq üsulla üzmədə ikinci yerləri tutaraq bürünc medala sahib olublar. Ramil Vəlizadə bu göstərici ilə 2022-ci ildə Yaponiyanın Fukauka şəhərində keçiriləcək üzgüçülük üzrə dünya çempionatına vəsiqə qazanıb. Üzgüçülərimizdən Vəli İsrafilov 200 metr məsafəyə brass üsulu ilə üzmə, Məryəm Şeixalizadəhanqah isə 100 metr məsafəyə batt üsulu ilə üzmədə üçüncü yerlə, bürünc medalla kifayətləniblər. Ümumilikdə bu beynəlxalq turnirə 12 idmançı ilə qatılan milli komandamız 10 medal qazanıb.

Bu yarışda həm də Selcan Əbdurahmanlı 800, Maksim Vorontsov 1500 metr məsafəyə sərbəst, Ayan Kələntərova isə 400 metr məsafəyə qarışıq üsulda “İdman ustasi” normativini yerinə yetiriblər.

Xəbər 416 dəfə oxundu.