Ağacan Abıyev: “London Olimpiadasının Azərbaycan idmanında böyük rolu olacaq"
“London Olimpiadasının Azərbaycan idmanında böyük rolu olacaq. Bu həm idmançıların sayına, həm də gücünə görə fərqlənəcək”. İdman.com.az saytının məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abıyev deyib.

Eyni zamanda Boks Federasiyasının vitse-prezidenti olan təcrübəli mütəxəssis London Olimpiadasına güclü heyətlə yollandığımızı xüsusi qeyd edib: “Hazırda Olimpiya yığmamızda çoxlu dünya, Avropa çempionları, mükafatçıları var. Bu o deməkdir ki, biz onlardan medal gözləyə biləcəyik. Boks idman növünə gəlincə, London Olimpiadasında 8 idmançı ilə təmsil olunacağımız federasiyamızın uğurudur. Komandamızda dünya, Avropa çempionu və mundialın 2 gümüş medalçısı var. Hesab edirəm ki, adlı-sanlı boksçularımıza Olimpiya medalı qazanmaq böyük bir problem olmayacaq. Medalın hansı əyarda olacağını isə Londonda görəcəyik. Ancaq sözsüz ki, boksçularımız medal qazanacaqlar”.

Abıyev digər idman növlərindəki mümkün uğurlar barədə də danışıb: “MOK-un baş katibi kimi deyə bilərəm ki, avarçəkənlərimiz, güləşçilərimiz, cüdoçularımız dünya və Avropa çempionatlarında uğurlar qazanıblar. Onlar Olimpiya Oyunlarına necə lazımdırsa, hazırlaşıblar. Mənə elə gəlir ki, bu idman növlərində çıxış edənlər həmin nəticəni Olimpiadada da təkrarlayacaqlar. Gözləməyə az qalıb, 2 həftədən sonra artıq nəticələr bilinəcək”.

Onun sözlərinə görə, idmançılarımıza dövlətin, prezident İlham Əliyevin göstərdiyi qayğı nəticəsiz qalmayacaq: “İdmançılar həm öz əməkləri ilə, həm də göstərdikləri nəticələrlə Azərbaycan xalqını sevindirəcəklər. Fikrimcə, burada qalıb Olimpiadanı televiziya vasitəsilə izləyənlər sevinəcəklər. Biz isə Olimpiadanın yarış meydanında olacağıq və sözsüz ki, bir az əsəb sistemimiz gərginləşəcək, yaxşılaşacaq, sevinəcəyik. Ümumiyyətlə, idmançılarımız bu Olimpiadada Azərbaycan idman həvəskarlarını, xalqını sevindirəcəklər”.

Qeyd edək ki, bu gün Olimpiya yığmamızın 53 nəfərlik heyətindən 32-si Londona yollanıb.

Xəbər 1168 dəfə oxundu.