Uqo Loris “Tottenhem”də rekorda imza atıb
İngiltərənin “Tottenhem” futbol klubunun qapıçısı Uqo Loris komanda rekorduna imza atıb.

35 yaşlı qolkiper buna ötən gün Premyer Liqanın 26-cı turunda “Bernli” ilə matçda (4:0) qol buraxmamaqla nail olub. Yerli çempionatda 285-ci oyununa çıxan U.Loris həmin görüşlərdən 100-də qapısını toxunulmaz saxlamağı bacarıb. Bu isə “Tottenhem” tarixi üçün ən yaxşı göstərici sayılır. Beləliklə, fransalı qapıçı klub rekorduna imza atıb.

Premyer Liqada qapısını ən çox oyunda toxunulmaz saxlayan “Çelsi”nin və “Arsenal”ın sabiq qolkiperi Petr Çexdir. O, 202 matçda qol buraxmayıb.

Qeyd edək ki, hazırda turnir cədvəlində “Tottenhem” 39 xalla 8-ci pillədə qərarlaşıb.

Xəbər 406 dəfə oxundu.