Boksçularımız Türkiyədə təlim-məşq toplanışında iştirak edəcəklər
Kişi boksçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı keçiriləcək.

Baş məşqçi Umberto Orta Dominqesin rəhbərlik etdiyi yığmamız Avropa Olimpiya təsnifat turnirinə hazırlığı Türkiyənin Kastamonu şəhərində keçəcək.

Məşqçilər korpusu toplanışda Rüfət Hüseynov, Məsud Yusifzadə (52 kq), Ümid Rüstəmov, Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev, Ruslan Rüstəmov (63 kq), Sərxan Əliyev, Lorenzo Sotomayor, Nəbi İsgəndərov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Alfonso Dominqes (81 kq), Osnay Benkoma (91 kq) və Məhəmməd Abdullayevin (+91 kq) hazırlıq səviyyəsini yoxlayacaq. Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ənənəvi “Strandja” turnirinə qatılan Türkiyə millisinin də sonradan boksçularımızla birgə məşqə qatılacağı gözlənilir.

Komandamız martın 21-dək davam edəcək hazırlıq çərçivəsində beynəlxalq turnirə də qatılacaq. Yığmamızın üzvləri İstanbulda təşkil olunacaq Boğaziçi yarışında qüvvəsini sınayacaq. Bu turnir martın 16-da start götürəcək və beş gün davam edəcək. Boksçularımız Türkiyəyə fevralın 26-da yola düşəcək və martın 21-də Vətənə qayıdacaqlar.

Xatırladaq ki, komandamızın heyətində hələlik Tayfur Əliyev “Tokio-2020” Yay Olimpiya Oyunlarına vəsiqə əldə edib.

Xəbər 414 dəfə oxundu.