Azərbaycan Premyer Liqası: “Qəbələ” öz meydanında “Sumqayıt”ı məğlub edib
Fevralın 25-də futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turuna start verilib.

Turun açılış görüşü Qəbələ şəhər stadionunda oynanılıb.
“Qəbələ” klubu doğma azarkeşlər önündə “Sumqayıt” komandasını qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə “Qəbələ” minimal hesabla qələbə qazanıb. Oyunda yeganə qolun müəllifi 50-ci dəqiqədə Ceyms Adeniyi olub.
Bu qələbədən sonra xal ehtiyatını 21-ə çatdıran qəbələlilər turnir cədvəlində 5-ci pillədə yerini möhkəmlədiblər. “Sumqayıt” isə 23 xalla dördüncü yerdə qərarlaşıb.
Qəbələ şəhər stadionundakı görüş iki komanda arasında 35-ci duel olub. Bunadək rəqiblər 34 dəfə qarşılaşıblar. Hesabında 20 qələbə olan “qırmızı-qaralar” 10 heç-heçə edib və 4 dəfə uduzublar. Top fərqində də, “Qəbələ” üstündür – 56:25. Bu matçlarda “Qəbələ”nin ən məhsuldar oyunçusu Viktor Mendidir. O, sumqayıtlıların qapısına 7 dəfə yol tapa bilib. Son iki görüşdə “qırmızı-qaralar”ın qollarına Rafael Utriq imza atıb.
“Qəbələ” Sumqayıtın eyniadlı təmsilçisi ilə 33 dəfə Premyer Liqa, bir dəfə Azərbaycan kubokunda görüşüb. Premyer Liqada 19 qələbəsi olan “Qəbələ” 10 heç-heçə edib və 4 dəfə məğlub olub. “Qəbələ” 55 qol vurub, 25-ni buraxıb.
Öz meydanında 18-ci dəfə “Sumqayıt”ı sınağa çəkən “Qəbələ” doğma azarkeşlər önündə 12 qələbə qazanıb, 4 heç-heçə edib və 1 dəfə məğlub olub. Öz meydanında 32 top vuran “Qəbələ” 10 qol buraxıb.
Qeyd edək ki, turun bütün görüşləri eyni gündə baş tutacaq. Zirə İdman Kompleksinin stadionunda qəsəbənin eyniadlı klubu “Neftçi”ni, “Azersun Arena”da “Qarabağ” “Səbail”i, “Bank Respublika Arena”da isə “Sabah” klubu “Keşlə”ni qəbul edəcək.


Xəbər 388 dəfə oxundu.