Azərbaycan güləşçiləri Kiyev turnirində iştirak edəcəklər
Fevralın 26-da güləş üzrə Kiyev turniri start götürəcək.

Azsport.az Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, Ukraynanın məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçiriləcək ənənəvi yarışda ölkəmizi sərbəst və qadın güləşçilərimiz təmsil edəcəklər.

Sərbəst güləş üzrə yığmamız böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında 12 idmançı ilə turnirdə çıxış edəcək. Heyətdə Mahir Əmiraslanov, Əfqan Xaşalov, İslam Bazarqanov (hamısı 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Əli Rəhimzadə, Turan Bayramov (hər ikisi 65 kq), Cəbrayıl Hacıyev (70 kq), Əşrəf Aşırov (74 kq), Rəşad Yusifli (79 kq), Osman Nurməhəmmədov (92 kq), İslam İlyasov (97 kq) və Vahid Qalayev (125 kq) yer alıblar.

Fevralın 28-dək davam edəcək yarışda qadınlardan ibarət millimiz 9 güləşçi ilə qüvvəsini sınayacaq. Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Leyla Qurbanova, Tatyana Varansova (hər ikisi 53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq), Gözəl Zutova və Səbirə Əliyeva (hər ikisi 76 kq) Kiyevdə uğur qazanmağa çalışacaqlar.

Qeyd edək ki, görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakimlər Vaqif Zeynallı və Həbib Nurulu təmsil edəcəklər.

Xəbər 414 dəfə oxundu.