“Tokio-2020”nin məşəli estafeti yarımçıq dayandırıla bilər
Tokio Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin koronavirusun yayılmasına qarşı hazırladığı plan çərçivəsində müəyyən şərtlər yerinə yetirilməyəcəyi təqdirdə, Olimpiya məşəli estafeti yarımçıq dayandırıla bilər.

Nəşr edilmiş planda qeyd olunur ki, marşrut boyunca həddindən artıq çox insan toplanarsa, estafet dayandırıla bilər. Bu baxımdan, yerli sakinlərdən estafetin canlı yayımını izləməklə məhdudlaşmaları istənilir.

Təşkilatçılar estafet iştirakçıları, könüllülər və onun keçirilməsində iştirak edən digər şəxslərin bütün tədbirlərə riayət etmələrinin vacibliyini vurğulayırlar. Bunun üçün maska taxmaq, sosial məsafə saxlamaq, dezinfeksiyaedici maddələrdən istifadə etmək tələb olunur.

Tokio Olimpiya Oyunlarının məşəl estafeti martın 25-də Fukuşima prefekturasında başlayacaq. Məşəl estafetinin 121 gün davam edəcəyi və Yaponiyanın 47 prefekturasından keçəcəyi planlaşdırılır.

Qeyd edək ki, Olimpiya Oyunları gələn il iyulun 23-də, Paralimpiya Oyunları isə avqustun 24-də başlayacaq.

Xəbər 407 dəfə oxundu.