Brisben 2032-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək əsas namizəd şəhər kimi təsdiqlənib
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi 2032-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək əsas namizəd şəhəri müəyyənləşdirib.

Avstraliyanın Kvinslend ştatının Brisben şəhəri əsas namizəd şəhər kimi təsdiqlənib. Bu barədə BOK prezidenti Tomas Bax mətbuat konfransında məlumat verib. Bununla bağlı son qərar BOK-un sessiyasında veriləcək.

2019-cu ilin iyun ayında BOK olimpiadaların paytaxtını seçmək üçün adi prosedurdan uzaqlaşıb. Belə ki, indi Olimpiya Xartiyasında Olimpiadanın keçirilməsindən yeddi il əvvəl namizəd şəhərin seçilməsi ilə bağlı heç bir tələb yoxdur. BOK-un bundan sonra daimi və ya müvəqqəti idman və infrastruktur obyektlərinin olmasına üstünlük verəcəyi bildirilib. Eyni zamanda, artıq şəhərlər Oyunlara ev sahibliyi etmək hüququ uğrunda bir-biri ilə yarışmayacaq. Bunun əvəzinə, yay və qış Oyunları üçün xüsusi komissiyalar yaradılacaq ki, ən uyğun variantın seçilməsi onlara həvalə ediləcək.

Qeyd edək ki, Brisbendən əlavə, Doha (Qətər), Budapeşt (Macarıstan), Almaniyanın Reyn-Rur bölgəsi, Çinin Çendu və Çunçin şəhərləri əvvəllər 2032-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək arzusunu bildiriblər.

Xəbər 388 dəfə oxundu.