PFL hava şəraiti ilə əlaqədar I Divizionun bir neçə oyununu təxirə salıb
Peşəkar Futbol Liqası (PFL) ölkə ərazisində hökm sürən qarlı hava şəraiti ilə əlaqədar yeni qərar qəbul edib.

Stadionlardakı son durum təftiş olunub və Azərbaycan I Divizionunun XIV turu çərçivəsində bu gün keçirilməli olan “Sabah-2” – “Keşlə-2”, “Neftçi-2” – “Sumqayıt-2” və “MOİK” – “Kəpəz” oyunları təxirə salınıb.

Görüşlərin vaxtı ilə bağlı PFL-in saytında əlavə məlumat veriləcək.

Əvəzində “Turan Tovuz” – “Qaradağ Lökbatan” oyunu planlaşdırıldığı kimi, saat 14:00-da başlanacaq. Halbuki ötən turda Tovuzda “Sumqayıt-2” ilə görüş güclü qar səbəbindən 51-ci dəqiqədə yarımçıq dayandırılıb. Matçı ertəsi gün də davam etdirmək mümkün olmadığından, oyun “Kəpəz” – “Qaradağ Lökbatan” qarşılaşması ilə birgə qeyri-müəyyən müddətə təxirə salınıb.

Qeyd edək ki, XIV tura fevralın 23-də "Zaqatala" - "Qarabağ-2" görüşü ilə start verilib. Oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Xəbər 393 dəfə oxundu.