“Tokio-2020”: Elmar Qasımov, yoxsa Zelim Kotsoyev
Azərbaycan kişi cüdoçular arasında tanınmış idmançıların yetişdiyi ölkədir. Burada, eyni zamanda, beynəlxalq arenada nailiyyətlər qazanan qadın cüdoçular da var. Son illər kişilər arasında 73 kiloqram çəki dərəcəsində Rüstəm Orucov ilə Hidayət Heydərov arasında güclü rəqabəti görməyə alışmışıq. Amma indi 100 kiloqram çəki dərəcəsində əvvəllər Ukrayna bayrağı altında çıxış edən Zelim Kotsoyev ilə komanda yoldaşı Elmar Qasımovun mübarizəsi diqqət çəkir. Dünya reytinqində 10-11-ci yerdə qərar tutan idmançılar arasında yalnız cüzi xal fərqi var. Ona görə də onlardan hansının Olimpiadaya gedəcəyi suallar doğurur.

Bu, Avropa Cüdo İttifaqının (EJU) rəsmi saytında yerləşdirilən məqalədə qeyd olunub.

Məlumatda bildirilir ki, Z.Kotsoyev 2016-cı ilin yayında - 18 yaşında olarkən Beynəlxalq Cüdo Federasiyasının (IJF) nüfuzlu dünya turunda ilk medalını və Ulan-Bator Qran-Prisində qızıl medalını qazananda ondan 8 yaş böyük olan E.Qasımov Rio-de-Janeyro Olimpiadasında gümüş medala sahib olub: “Olimpiyada dövründə çox şey dəyişə bilər. Z.Kotsoyev çəkdiyi əziyyət bahasına reytinqini getdikcə artırır. O, 2019-cu ildə üç dəfə “Böyük dəbilqə” turnirində mükafatçılar sırasında yer alıb və Qran-Pridə gümüş medala sahib olub. COVID-19 səbəbindən Düsseldorf “Böyük dəbilqə” turnirində (2020-ci il) əldə etdiyi bürünc medaldan sonra bir qədər fasilə yaransa da, ilin sonunda keçirilmiş Avropa çempionatında bürünc və keçən ay “World Masters” turnirində qazandığı gümüş medallar onun hazırlığının səviyyəsini göstərir. Lakin E.Qasımovun da ötən on ildə güclü rəqib olduğu nəzərə alınmalıdır. O, Olimpiya Oyunlarından sonra sabit nəticələr göstərir - 2019-cu ildə Osakada və 2020-ci ildə Düsseldorfda keçirilmiş “Böyük dəbilqə” turnirlərində ikinci olub. Ötən həftəsonu Təl-Əvivdə keçirilən “Böyük dəbilqə” turnirində hər iki idmançı maraqlı rəqabət nümayiş etdirdi. Bu yarışda Z.Kotsoyev bürünc medal uğrunda qarşılaşmada iştirak etsə də, çıxışı uğursuz alındı”.

Məlumatda o da bildirilib ki, Azərbaycanın Cüdo Federasiyasının baş katibi Elmar Babanlı federasiya tərəfindən xüsusi qərar verilməyəcəyini vurğulayıb: “Qərar Avropa çempionatından sonra veriləcək və Olimpiya Oyunlarına kim seçiləcəksə, Budapeştdə keçiriləcək dünya çempionatına qatılmayacaq”.

Xəbər 391 dəfə oxundu.