Azərbaycanın iki cüdoçusu “Böyük dəbilqə” turnirində bürünc medal uğrunda mübarizə aparacaq
Azərbaycanın iki cüdoçusu İsrailin paytaxtı Təl-Əvivdə keçirilən “Böyük dəbilqə” turnirində bürünc medal uğrunda mübarizə aparacaq.

Kişilər arasında 90 kiloqram çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev Orelyen Diss (Fransa), Komronşoh Usopirion (Tacikistan) və Kristian Tota (Macarıstan) qalib gələrək yarımfinala yüksəlib. Növbəti mərhələdə ispaniyalı rəqibi Nikoloz Şerazadişvilinin öhdəsindən gələ bilməyən cüdoçumuz final şansını əldən qaçırıb və üçüncü yer uğrunda mübarizəyə qatılmalı olub. M.Mehdiyev bürünc medal uğrunda görüşdə gürcüstanlı Beka Qviniaşvili ilə qarşılaşacaq.

Komandamızın digər üzvü Zelim Kotsoyev (100 kq) də üçüncü yer uğrunda görüşdə iştirak edəcək. İdmançımız yarımfinala gedən yolda Boris Georgiyevə (Bolqarıstan), Toma Nikiforova (Balarus) qalib gəlsə də, dörddəbir finalda gürcüstanlı Onis Saniblidzeyə uduzub. İdmançımız təsəlliverici görüşdə Çili təmsilçisi Tomas Briselonu mübarizədən kənarlaşdırıb. Üçüncü yer uğrunda qarşılaşmada təmsilçimizin rəqibi rusiyalı Niyaz İlyasov olacaq.

Digər cüdoçularımızdan Elmar Qasımov (100 kq) ilk görüşdə İoakim Dvarbinini (İsveç) məğlub etsə də ikinci qarşılaşmada gürcüstanlı Onis Saniblidzeyə uduzub.

Ağır çəkili (+100 kq) cüdoçuların yarışında Uşangi Kokauri Niderland təmsilçisi Ben Spiykers, Camal Feyziyev isə İsrail idmançısı Serafim Kompanyes ilə ilk görüşdə məğlub olublar.

Qeyd edək ki, buna qədər cüdoçumuz Davud Məmmədsoy (60 kq) bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub. Komandamızın digər üzvü - 66 kiloqram çəki dərəcəsində çıxış edən Nicat Şıxəlizadə isə yeddinci yeri tutub.

Yarışda 60 ölkədən 400-dən çox idmançı mübarizə aparır. Azərbaycan turnirə 15 idmançı ilə qatılıb.

Xəbər 416 dəfə oxundu.