Sumqayıt regionunun karate məşqçiləri ilə görüş keçirilib
Azərbaycan Milli Karate Federasiyasının (AMKF) baş ofisində Sumqayıt nümayəndəliyinin bir neçə üzvü ilə görüş keçirilib.

Federasiyanın prezidenti Yaşar Bəşirov pandemiya şəraitində fəaliyyətdən danışıb. O, COVID-19 virusunun yayılmasının hər sahədə olduğu kimi, karatenin inkişafına da mənfi təsirlərini qeyd edib. Y.Bəşirov ölkədə və xaricdə bir çox yarışların təxirə salınmasının idmançıların nəticələrinə təsirsiz ötüşməyəcəyini nəzərə çatdırıb.

AMKF-nin Sumqayıt şəhəri üzrə nümayəndəsi Akif Kərimov regionda fəaliyyət göstərən klublar və nəzərdə tutulan işlər barədə məlumat verib. O, regionda karatenin təbliği istiqamətində aparılan işlərdən danışıb, eləcə də nümayəndəliyə tabe olan klubların uğurlarını, həmçinin mövcud çətinlikləri qeyd edib.

Görüşdə bu və digər problemlərin həlli yolları və gələcək planlar müzakirə edilib. Müxtəlif klubların rəhbərləri və təşkilatların nümayəndələri, o cümlədən Əməkdar məşqçilər Rafael Məmmədov, Rövşən Allahverdiyev və digərləri karatenin inkişafına dəstək üçün faydalı təkliflərdən danışıblar.

Yığıncaqda, həmçinin bildirilib ki, məlum durğunluqdan sonra tələbələri yüksək nəticələr göstərən məşqçilər üçün həvəsləndirici tədbirlərə yenidən baxıla bilər.

Tədbirdə Sumqayıt regionunda karatenin daha da populyarlaşması və inkişafı üçün nümayəndəliyin qarşısına əlavə vəzifələr qoyulub.

Xəbər 403 dəfə oxundu.