Yaponiyanın Şimane prefekturası Olimpiya məşəli estafetindən imtina edir
Yaponiyanın qərbində yerləşən Şimane prefekturasının qubernatoru Tatsuya Maruyama koronavirus pandemiyasına görə Olimpiya məşəli estafetinin region ərazisindən keçməsindən imtina etmək niyyətindədir.

Bu barədə T.Maruyama prefektura hökumətinin fevralın 17-də keçirilən iclasında bəyan edib.

“Hazırkı vəziyyətin davam edəcəyi təqdirdə məşəli estafetinin təxirə salınması zəruridir. İstəyirəm ki, hamı bu məsələyə anlayışla yanaşsın”, - deyə qubernator bildirib.

T.Maruyamanın sözlərinə görə, bu qərarı o, ilk növbədə Tokioda yaranmış vəziyyətlə əlaqədar qəbul etmək istəyir. Qubernator əlavə edib ki, bu şəhər virusun yayılması üzrə əsas mənbə rolunu oynamaqda davam edir və Olimpiya məşəli estafeti kimi tədbirlər bütün ölkədə vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər.

Şimane prefekturası qubernatorunun bu bəyanatını şərh edən Nazirlər Kabinetinin baş katibi Katsunobu Kato bildirib ki, təşkilat komitəsi hazırda estafetin təşkili ilə bağlı yerli hakimiyyət orqanları ilə danışıqlar aparır. Həmin müzakirələrdə koronavirusun yayılmasına qarşı tədbirlərə xüsusi diqqət yetirilir.

Qeyd edək ki, Olimpiya məşəli estafetinə martın 25-də Fukusima prefekturasında start verilməsi planlaşdırılır. Ümumilikdə 121 gün davam edəcək estafet 47 prefekturanın ərazisindən keçəcək.

Xəbər 374 dəfə oxundu.