Rusiyanın idman naziri MDB ölkələrinin səfirləri ilə görüşüb
Rusiya Federasiyasının idman naziri Oleq Matıtsin Moskvada MDB ölkələrinin səfirləri ilə görüşüb.

Görüşdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu da iştirak edib.

Oleq Matıtsın qeyd edib ki, bu il Müstəqil Dövlətlər Birliyinin yaradılmasından 30 il keçir. İdman sahəsində əməkdaşlığın bu ölkələrin qarşılıqlı fəaliyyətinin çox mühüm tərkib hissəsi olduğunu vurğulayan nazir bildirib ki, hazırda MDB məkanında bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığın perspektivli formaları müzakirə edilir. O deyib: “Bizim fikrimizcə, ortamüddətli perspektiv üçün birgə planlar hazırlamağın vaxtı yetişib. Bakıdan olan tərəfdaşlarımıza idman sahəsində əməkdaşlıq üçün analoji proqramlar hazırlamaq imkanını nəzərdən keçirmələrini təklif edirəm”.

O.Matıtsin bu il sentyabrın 4-dən 11-dək Kazanda keçiriləcək Birinci MDB ölkələri Oyunlarına hazırlıq barədə də məlumat verib.

Səfir Polad Bülbüloğlu görüş iştirakçılarını MDB-nin yubileyi münasibətilə təbrik edib və MDB ölkələrinin qarşısında duran ümumi məsələlərin həllində onlara yeni uğurlar arzulayıb. O qeyd edib ki, Azərbaycan iri idman yarışlarının keçirilməsi üçün beynəlxalq məkana çevrilib. P.Bülbüloğlu deyib: “Azərbaycan iri idman yarışlarının, o cümlədən Formula-1 üzrə Avropa Qran-prisi, idmanın müxtəlif növləri üzrə dünya çempionatları kimi tədbirlərin keçirildiyi məkana çevrilib. 2015-ci ildə Bakı tarixdə ilk dəfə olaraq Avropa Oyunlarına ev sahibliyi edib. Bu Oyunlar çox uğurlu keçib, xüsusən açılış və bağlanış mərasimləri son dərəcə yaddaqalan olub. Bunun sayəsində Azərbaycanda inkişaf etmiş idman infrastrukturu yaranıb, respublikanın əhalisi, xüsusən gənclər arasında idmana maraq artmaqda davam edir”.

Səfir Azərbaycan ilə Rusiya arasında idman sahəsində əməkdaşlıq məsələsinə də toxunaraq xatırladıb ki, 2018-ci ilin sentyabr ayında Soçidə ölkələrimizin hökumətləri arasında idman sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. İki ölkənin idman federasiyaları və olimpiya komitələri arasında sıx qarşılıqlı əlaqə yaranıb.

P.Bülbüloğlu Birinci MDB ölkələri Oyunlarının uğurla keçəcəyinə əmin olduğunu bildirib.

Xəbər 456 dəfə oxundu.