Birinci şirkətlərarası şahmat üzrə dünya çempionatı keçiriləcək
Fevralın 19-21-də onlayn formatda birinci şirkətlərarası şahmat üzrə dünya çempionatı keçiriləcək.

Bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) saytında məlumat verilib.

Məlumatda qeyd edilib ki, çempionatda hər birinin heyətində dörd şahmatçı olan komandalar mübarizə aparacaqlar. Komandaların üzvlərindən ən azı biri qadın şahmatçı olmalıdır. Bundan əlavə, komandada yalnız bir peşəkar oyunçunun (FIDE reytinqi 2500-dən yuxarı) iştirakına icazə verilir. Hər matçda iştirak edəcək heyətdə oyunçulardan ən azı üçü təmsil etdiyi şirkətin işçiləri olmalıdır.

FIDE-nin prezidenti Aleksandr Dvorkoviç turnirdə iştirak etmək üçün 350-ə yaxın komandanın müraciət etdiyini, onların tələb olunan meyarlara uyğunluğu yoxlanıldıqdan sonra dünyanın ən böyük şirkətləri də daxil olmaqla 282 komandanın yarışa buraxıldığını bildirib.

Qeyd edək ki, yarışda Azərbaycan şahmatçıları da təmsil olunacaqlar. Belə ki, “SOCAR”ın əsas komandası “SOCAR” və ikinci komandası “SOCAR AQS” dünya çempionatında mübarizə aparacaq.

Xəbər 405 dəfə oxundu.