Namiq Ələsgərov “Neftçi”nin tarixinə düşüb
Namiq Ələsgərov son 8 mövsümdə “Neftçi”nin heyətində “Qarabağ”la oyunda birdən artıq qol vuran ilk futbolçu olub. 2012/2013-cü il mövsümündən sonra paytaxt təmsilçisinin heç bir üzvü derbidə dubla imza atmamışdı.

Yarımmüdafiəçi Premyer Liqanın XV turunun səfər oyununda vurduğu iki topla 2:1 hesablı qələbədə pay sahibi olub.

“Neftçi”nin “Qarabağ”a 2 qol vuran sonuncu oyunçusu Nikolas Kanales idi. O, 2012/2013-cü il mövsümünün sonunda fərqlənib. Çilili forvardın dubl müəllifi olduğu 2013-cü il mayın 4-dəki görüşdə də bakılılar 2:1 hesablı səfər qələbəsi qazanıblar. Sonrakı 25 çempionat görüşündə paytaxt təmsilçisi belə hadisəyə sevinməyib.

N.Ələsgərovun vurduğu hər iki top onun üçün yubileylə əlamətdar olub. Yarımmüdafiəçi Azərbaycan Premyer Liqasında öncə 25-ci qolunu vurub, ardınca 26-cı dəfə fərqlənib. Altı dəfə başqa klublarda fərqlənən futbolçu “Neftçi”də 20-yə çatıb.

Yarımmüdafiəçi “Neftçi”nin tarixinə Premyer Liqada 20 və daha çox qol vuran 21-ci futbolçu kimi düşüb. Onadək “20”ni 20 oyunçu “fəth etmişdi”. N.Ələsgərov eyni sayda qol vuran Leonid Kalfaya çatıb. O, bu siyahıda hərəyə 19 qola imza atan Kamal Quliyev və Ruslan Qurbanovu arxada qoyub.

Futbolçu son 15 mövsümdə “Neftçi”də bir mövsümdə 10 və daha çox qol vuran ilk yerli futbolçu olub. 2005/2006-cı il mövsümündə qol sayı iki rəqəmlə ifadə olunan Nadir Nəbiyevdən sonra buna heç bir yerli oyunçu imza atmayıb.

Xəbər 359 dəfə oxundu.