Polşa və Macarıstan təmsilçiləri “Xəmsə” turnirində iştirak edəcəklər
Gənclər və İdman, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Azərbaycan Kiberidman Federasiyasının dəstəyi ilə “Gaming League Azerbaijan” dünyanın ən populyar virtual döyüş növü olan “Counter-Strike”: “Global Offensive” oyunu üzrə martın 27-dən aprelin 4-dək “Xəmsə” beynəlxalq turnirini keçirməyə hazırlaşır.

Turnirdə Azərbaycan təmsilçiləri ilə yanaşı, digər ölkələrin nümayəndələri də mübarizə aparacaqlar. “Xəmsə” turnirində ümumilikdə 16 komanda Olimpiya sistemi üzrə yarışacaq. Bütün oyunlar “Во3” sistemi ilə keçiriləcək.

“Gaming League Azerbaijan”ın rəhbəri Adil Mahmudov mətbuata açıqlamasında turnirlə bağlı deyib: “2021-ci il ölkəmizdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin şərəfinə “Nizami Gəncəvi İli” elan olunub. Məhz buna görə turniri Nizami Gəncəvinin geniş şöhrət tapmış beşliyinin adı ilə “Xəmsə” adlandırmaq qərarına gəldik. Turnirdə səkkiz ölkə təmsil olunacaq. Azərbaycan ilə yanaşı Belarus, Gürcüstan, Ukrayna, Şimali Makedoniya, Slovakiya, Polşa və Macarıstan komandaları da mükafat uğrunda mübarizə aparacaqlar. İnanırıq ki, “Xəmsə” turniri iştirakçı ölkələrdə böyük maraqla qarşılanacaq və Azərbaycanda “Nizami Gəncəvi İli”nin yüksək səviyyədə keçməsinə töhfə verəcək”.

Yarışı “YouTube” kanalında “Glahub” və “Instagram”da isə “Glohub” səhifələrində izləmək mümkündür.

Qeyd edək ki, 2019-cu ilə qədər olan statistikalara görə, 400 milyondan artıq insanın marağını qazanan kiberidman sahəsinin populyarlığı bu gün də artmaqdadır. Kiberidman 2022-ci ildə baş tutacaq 19-cu Asiya Oyunlarının proqramına sınaq kimi daxil edilib.

Azərbaycanda 2019-cu ildə yaranmış və kiberidman turnirləri həyata keçirən GLA bu günədək 30-dan çox kiberidman çempionatı təşkil edib. Kiberidman mədəniyyətini inkişaf etdirmək məqsədilə yaradılan bu liqanın prioritet məqsədləri Azərbaycanda beynəlxalq səviyyədə idman oyunlarının inkişaf etdirilməsi, həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır.

Xəbər 428 dəfə oxundu.