Fernando Alonso qəza nəticəsində aldığı zədə səbəbindən əməliyyat olunub
2016-cı ildə Azərbaycanda keçirilmiş Formula 1 üzrə Avropa Qran-Prisinin səfiri olmuş ispaniyalı pilot Fernando Alonso qəza nəticəsində aldığı zədə səbəbindən əməliyyat olunub.

Bu barədə onun təmsil olunduğu “Alpine” komandasının mətbuat xidməti məlumat yayıb.

Otuz doqquz yaşlı pilotu velosiped sürərkən avtomobil vurub. Çoxsaylı sınıq şübhəsi ilə xəstəxanaya aparılan sürücü təcili əməliyyat edilib. O, iki gün xəstəxanada qaldıqdan sonra, planlaşdırıldığı kimi yenidən məşqə davam edəcək.

F.Alonso Formula 1-də 17 mövsüm ərzində “Minardi”, “Renault”, “McLaren” və “Ferrari” komandalarının heyətində mübarizə aparıb, 2005-ci və 2006-cı illərdə dünya çempionu titulunu qazanıb.

Qeyd edək ki, bu il Formula 1-in ilk mərhələsi martın 26-dan 28-dək Bəhreyndə keçiriləcək. Azərbaycan Qran-Prisi isə iyunun 4-6-da baş tutacaq.

Xəbər 438 dəfə oxundu.