Şəhid Ülvü Məmmədovun xatirəsinə beynəlxalq “Zəfər” kuboku turniri start götürüb
Fevralın 12-də Şəhid Ülvü Məmmədovun xatirəsinə həsr olunmuş şahmat üzrə məktəblilər arasında onlayn beynəlxalq “Zəfər” kuboku turnirinin açılış mərasimi keçirilib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ), Quba Gənclər və İdman İdarəsi (QGİİ), Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) təşkilatçılığı, Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə təşkil edilən yarışın açılış mərasimi “Zoom” proqramı vasitəsilə keçirilib.

Tədbiri giriş sözü ilə açan AİJF-nin prezidenti Qabil Mehdiyev Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun qazandığı möhtəşəm qələbədən danışıb, döyüşlərdə böyük şücaət göstərən idmançı şəhidlərlə bağlı məlumat verib. O, həmçinin idmançı şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı idman ictimaiyyətinin görəcəyi işlərlə bağlı fikirlərini bildirib.

Sonra çıxış edən BŞGİBİ-nin rəisi Raqif Abbasov xalqımızın tarixinə şəhidlərin qanı ilə yazılan 44 günlük Vətən müharibəsinin gələcək nəsillərin fəxr edib, qürur duyacağı şanlı tarix olduğunu bildirib. Qeyd edib ki, bu cür turnirlərin keçirilməsində əsas məqsəd torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini əbədiləşdirmək, onların şərəfli həyat yolunu təbliğ etməkdən ibarətdir. R.Abbasov yarış iştirakçılarına uğurlar arzulayıb və bildirib ki, yüksək nəticə göstərən şahmatçı mükafatlandırmadan əlavə, pandemiya bitdikdən sonra Baş İdarə tərəfindən xaricdə keçiriləcək turnirlərin birinə ezam olunacaq.

Daha sonra çıxış edən QGİİ-nin rəisi Mustafa Nöhbalayev Quba rayonunun şəhidləri ilə bağlı məlumat verib. Füzuli, Cəbrayıl və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edərək, qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Ülvü Məmmədovun şərəfli döyüş yolundan danışan M.Nöhbalayev gələcəkdə də şəhidlərin xatirə turnirlərinin təşkili ilə bağlı bir sıra tədbirlərin həyata keçiriləcəyini bildirib.

Şəhidin əmisi, AİJF-nin İdarə Heyətinin üzvü Elşən Məmmədov və beynəlxalq qrossmeyster Vasif Durarbəyli öz qəhrəmanlığı, vətəninə və xalqına sədaqətini sübut edən qəhrəman şəhidlərin xatirəsinin xalqımız tərəfindən daima uca tutulacağını bildiriblər.

Sonra turnirə start verilib. Blits üzrə onlayn keçirilən yarışda Azərbaycan, Türkiyə, İran və Gürcüstandan 100-ə yaxın şahmatçı iştirak edir. Turnir 9 turdan ibarət olacaq.

Qeyd edək ki, Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Ülvü Məmmədov "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

Xəbər 466 dəfə oxundu.