Teymur Rəcəbov: “Champions Chess Tour” kimi güclü yarışda iştirak etməkdən məmnunam
Bu turnirdə bütün rəqiblər güclüdür. Belə bir güclü yarışda iştirak etməkdən məmnunluq duyuram.

Bu sözləri “Champions Chess Tour”un "Opera Euro Rapid" adlanan üçüncü mərhələsinin yarımfinalında mübarizə aparan Azərbaycan qrossmeysteri Teymur Rəcəbov turnirin rəsmi saytına müsahibəsində bildirib.

O qeyd edib ki, final uğrunda mübarizə apardığı rəqibi, ABŞ təmsilçisi Uesli So təhlükəli oyunçudur və qarşısındakına elə də çox şans vermir. Otuz dörd yaşlı şahmatçı bildirib ki, dörddəbir finalda qarşılaşdığı niderlandlı Aniş Giri barədə də bu fikirdədir.

Şahmat oynamağı, öz səhvlərini görməyi xoşladığını deyən qrossmeyster öz həmkarlarıma, dünyanın ən güclü oyunçularına qarşı mübarizə aparmağın onu sevindirdiyini bildirib.

Şahmatçımız onu da vurğulayıb ki, hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenə qarşı oynamaq əla olardı. Amma hələ qarşıda U.So ilə görüşlər keçirəcəyəm.

T.Rəcəbov 2022-ci ildə keçiriləcək İddiaçılar turnirinə hazırlaşacağını, bunun üçün kifayət qədər vaxtı olacağını da vurğulayıb.

Qeyd edək ki, T.Rəcəbov yarımfinalın ilk matçında Uesli Soya 1,5:2,5 hesabı ilə uduzub.

Xəbər 385 dəfə oxundu.