“Azərbaycan XXX Yay Olimpiya Oyunlarında” kitabının təqdimatı keçirildi
İyulun 20-də Milli Olimpiya Komitəsində (MOK) “Azərbaycan XXX Yay Olimpiya Oyunlarında” kitabının və olimpiya yığmasının rəsmi kommunikasiya tərəfdaşının təqdimatı keçirildi. Nəşrdə ölkəmizin zəngin təbiəti, mədəniyyəti, olimpiya və idmanın inkişaf tarixi ilə yanaşı, olimpiyaçılarımız barədə məlumat yer aldı. Kitabın ərsəyə gəlməsində “bp-Azərbaycan” şirkəti də maliyyə dəstəyi göstərdi.
Təqdimat mərasimində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə və Xəzər İsayev, olimpiya yığmasının üzvləri – idmançılar, məşqçilər və media nümayəndələri iştirak etdilər.
“Azərbaycan XXX Yay Olimpiya Oyunlarında” kitabının rəsmi təqdimatından sonra çıxışlar oldu.
Gənclər və idman nazirinin müavini İ.İsmayılov idmançılarımızın London oyunlarına 53 lisenziya qazandığını qeyd etdi. Bildirdi ki, Pekin olimpiadası ilə müqayisədə bu dəfə olimpiya heyətinin daha geniş tərkibdə olması, daha çox medala sahib çıxmağa imkan verəcək.

Ç.Hüseynzadə öz çıxışında London Yay olimpiya oyunlarının ümumdünya partnyorları, eyni zamanda MOK-un rəsmi tərəfdaşı “bp-Azərbaycan” şirkətinə və yığmamızın rəsmi kommunikasiya tərəfdaşı mobil rabitə sahəsində qabaqcıl olan “Nar Mobile” şirkətinə Olimpiya Hərəkatına, həmçinin milliyə göstərdikləri dəstəklərinə görə öz təşəkkürünü bildirdi. MOK rəsmisi vurğuladı ki, 3-cü dəfə oyunlara ev sahibliyi edən Londonda yarışların gərgin mübarizəsi şəraitində keçəcək. Buna baxmayaraq, idmançılarımızın yüksək hazırlığı nəticəsində bu dəfəki olimpiya oyunlarından da üzü ağ qayıdacaqlarını və Azərbaycan xalqını sevindirəcəklərinə ümidvar olduğunu söylədi.
MOK-un mətbuat katibi Camaləddin Rəhmənov “Azərbaycan XXX Yay Olimpiya Oyunlarında” kitabı barədə ətraflı danışdı. O dedi ki, nəşrdə hadisələr 3 hissəyə bölünüb. 1-ci bölmədə SSRİ dövründə qazandığımız uğurlarımızdan söz açılır. 2-ci fəsildə müstəqil Azərbaycan komandasının Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında Barselona-1992-dəki iştirakından danışılır, cüdoçu Nazim Huseynovun sayəsində «dördillik»də ilk dəfə üçrəngli bayrağımız qaldırılması yer alır. 3-cü bölmə müstəqil şəkildə qazandığımız lisenziyalar və qələbələrdən bəhs edilir.

“bp-Azərbaycan” şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı, MOK ilə olan rəsmi tərəfdaşlıqdan, həmçinin London Yay olimpiya və paralimpiya oyunlarında iştirak edəcək 7 Azərbaycan idmançısına dəstək olmalarından qürur duyduğunu söylədi.
“Nar Mobile”ın baş direktoru Yurgen Peetz rəhbərlik etdiyi şirkətin hər zaman olduğu kimi, ölkə üçün önəm daşıyan məsələlərdən kənar qalmayaraq, Azərbaycan idmançılarına dəstək olmaq üçün yığmamızın rəsmi kommunikasiya tərəfdaşlığını qəbul etməsindən və bu əməkdaşlıqdan məmnunluğunu ifadə etdi.
Çıxışının sonunda o dedi ki, “Nar Mobile” şirkəti olimpiya yığmasının üzvlərinə rouminq xidməti ilə təchiz edilmiş mobil telefonlar təqdim edəcək. Bu telefonlar vasitəsilə Azərbaycana, ailələrinə və dostlarına qələbə və xoş xəbərlər verə biləcəklər.
Daha sonra Milli Olimpiya Komitəsinin 20 illik yubileyi və “İdman İli”nə həsr olunmuş rəssamlıq və heykəltəraşlıq müsabiqəsinin qalibləri mükafatlandırıdılar.


Xəbər 1436 dəfə oxundu.