Tokio Olimpiadası üzrə təşkilat komitəsinin sədri istefa vermək qərarına gəlib
“Tokio-2020” Yay Olimpiya və Paralimpiya Oyunları üzrə təşkilat komitəsinin sədri Yoşiro Mori tutduğu vəzifədən istefa vermək qərarına gəlib.

Sabiq Baş nazirin istefasına onun qadınların ünvanına səsləndirdiyi fikrin səbəb olduğu bildirilir.

Qeyd edək ki, ötən həftə yarışlara hazırlıqla bağlı təşkil edilən iclasların birində Y.Mori belə müzakirələrdə qadınların həddindən artıq çox danışdığını və nəticədə bunun böyük vaxt itkisinə səbəb olduğunu söyləyib. Təşkilat komitəsi sədrinin bu fikri həm ölkə daxilində, həm də xaricdə çox böyük ajiotaja səbəb olub.

Cəmiyyətin kəskin tənqidi ilə qarşılaşan Y.Mori mətbuat konfransı keçirərək bu hərəkətinə görə üzr istəsə də, ona qarşı narazılıq səngiməyib və cəmiyyətdə onun istefası tələbləri irəli sürülüb.

Yaponiya hökumətinin və Beynəlxalq Olimpiya Komitəsinin də məsələyə müdaxilə etməsinə baxmayaraq, Y.Morinin istefası qaçılmaz olub.

Xəbər 411 dəfə oxundu.