Veliçko Çolakov: Mən bacararam
“Artıq bir Olimpiya medalım var. Birini də Azərbaycan üçün istəyirəm. London Olimpiadasında hansı medal qazanacağımı isə zaman göstərəcək”. İdman.com.az saytının məlumatına görə, bunu Azərbaycan Olimpiya yığmasının ağırlıqqaldıranı Veliçko Çolakov deyib.

Bolqar əsilli legionerimiz London Olimpiadası ilə bağlı fikrini açıqlayıb. Böyük Britaniya paytaxtında 105 kq çəki dərəcəsində mübarizə aparacaq 30 yaşlı Çolakov möhtəşəm oyunlara yaxşı hazırlaşdığını bildirib: “İndiyədək çox yarışlarda iştirak etmişəm deyə, psixoloji cəhətdən özümü hazır hesab edirəm. Fiziki hazırlığı isə davam etdirmək lazımdır. Əminliklə deyə bilərəm ki, mən bacararam. Yaxşı məşq etmək lazımdır. Azərbaycanda isə bunun üçün hər cür şərait yaradılıb. Bunu sizə 12 il Bolqarıstan milli komandasının heyətində çıxış etmiş atlet kimi deyirəm. Burda idmançılar üçün lazım olan hər bir şərait var”.

Olimpiyaçımız Ağır Atletika Federasiyasının rəsmi saytına verdiyi açıqlamasında deyib ki, London-2012-də toplam start çəki 440 kq sifariş edəcək. O, əsas rəqibləri sırasında Behdad Səlimikordasiabi, Səyyad Anuşirəvani (hər ikisi İran), Artyom Udaçin, İqor Şimeçko (hər ikisi Ukrayna) və Ruslan Albeqovun (Rusiya) adlarını da çəkib.

Qeyd edək ki, Veliçko 2002-ci il gənclər arasında dünya çempionatının (Çexiya) və 2003-cü ildə kişilər arasında dünya çempionatının (Kanada) gümüş, 1 il sonra Avropa çempionatının (Ukrayna) qızıl, 2006-cı ildə isə analoji yarışın (Polşa) bürünc medalını qazanıb. O, 2004-cü il Afina olimpiadasının üçüncüsü olub.

Xəbər 1427 dəfə oxundu.