Azərbaycanın Paralimpiya hərəkatına qoşulmasından 25 il ötür
Azərbaycanın Paralimpiya hərəkatına qoşulmasından 25 il ötür. Bu müddət ərzində respublikamızda müvafiq infrastruktur və maddi-texniki baza yaradılıb. Taleyinə fiziki qüsur yazılan atletlərimiz dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. İdmançılarımız beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil edib, hərəkatın ən fəal üzvləri kimi tanınıblar.

Tarixi 1950-ci illərin əvvəlindən başlanan Paralimpiya yarışları ötən müddət ərzində beynəlxalq aləmdə kütləvi idman hərəkatı kimi böyük nüfuz qazanıb. Bu yarışlar səhhətində qüsur olan insanların qalib gəlmək istəyinin, fiziki qüdrətinin tərənnümünə çevrilib.

Ümummilli lider Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıdışından sonra yaranan sosial-siyasi sabitlik dövründə respublikamız da bu hərəkata qoşulub. 1996-cı il fevralın 9-da keçirilən təsis konfransında Azərbaycan Milli Paralimpiya Komitəsi yaradılıb və təşkilatın rəhbər heyəti seçilib. Elə həmin il ölkəmiz ilk dəfə Atlantada X Yay Paralimpiya Oyunlarında idmanın iki növü üzrə yarışda iki idmançı ilə təmsil olunub.

Dörd il sonra Sidney Paralimpidasında isə Azərbaycanın 7 idmançısı çıxış edib. Paralimpiyaçılarımız ilk yüksək nailiyyətlərini də həmin yarışda qazanıblar. O vaxt ulu öndər Heydər Əliyevin rəhbərliyi altında idmana göstərilən diqqət və qayğı Paralimpiya hərəkatına da güclü təkan verib. Məhz Ümummilli Liderin göstərişi ilə Sumqayıtda beynəlxalq standartlar səviyyəsində yeni kompleksin tikintisi başlandı.

Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Azərbaycan Prezidenti seçildikdən sonra Azərbaycan idmanının, o cümlədən Paralimpiya hərəkatının inkişafında misli görünməmiş nailiyyətlərin əsası qoyuldu. Təsadüfü deyil ki, dövlətimizin başçısı çıxışlarında özünü paralimpiyaçıların ən yaxın dostu adlandırır, onların nailiyyətlərini fədakarlıq və qəhrəmanlıq nümunəsi kimi dəyərləndirirdi. Həmin dövrdən indiyədək Azərbaycan paralimpiyaçılarının qələbə soraqları ən mötəbər turnirlərdən eşidilir.

2008-ci il avqustun 28-də Sumqayıtda Paralimpiya İdman Kompleksinin açılışı olub. MDB-də ilk dəfə paralimpiyaçılar üçün belə bir qurğunun istifadəyə verilməsi ölkəmizdə hərəkatın inkişafında yeni mərhələ açdı.

Paralimpiyaçılarımız Azərbaycan Prezidentinin qayğısını daim hiss edirlər. Beynəlxalq yarışlarda yüksək nailiyyətlər qazanan idmançılarımız və onların məşqçiləri Prezidentin sərəncamlarına əsasən orden və medallarla təltif olunurlar. Paralimpiyaçılarımızın maddi rifahı, məişət şəraiti yaxşılaşdırılır, onlar mənzil və minik avtomobilləri ilə mükafatlandırıblar.

Ötən 25 il ərzində respublikamızda hərəkatın əhatə dairəsi xeyli genişlənib. İndi paralimpiyaçılarımızın məşğul olduğu idman növlərinin sayı 17-yə çatdırılıb. 2013-cü ilin sentyabrında bu hərəkatın tarixində ümumdünya miqyasında ilk dəfə Azərbaycanda Uşaq Paralimpiya Komitəsi yaradılıb. Təşkilatın əsas məqsədi belə müəyyənləşdirilib: sağlamlıq imkanları məhdud uşaqları idmana cəlb etməklə onların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasına nail olmaq. Belə bir üsulla, eyni zamanda, seçmə komandalarımıza ehtiyat qüvvə hazırlanır.

Azərbaycan Milli Paralimpiya Komitəsi beynəlxalq əlaqələrin genişləndirilməsinə, müxtəlif idman qurumları, Beynəlxalq Paralimpiya Komitəsi, habelə ayrı-ayrı ölkələrin müvafiq təşkilatları ilə əməkdaşlığa böyük əhəmiyyət verir. Bir sözlə, respublikamızın atletləri Olimpiya idealları, əzmkarlıq, birlik, dostluq, sülh və ahəngdar inkişaf kimi bəşəri duyğulara sadiqliyini nümayiş etdirir. Bu xüsusiyyətlər komandalarımızın Paralimpiya Oyunlarında yüksək nəticələrinin əsas şərti kimi qiymətləndirilir. İdmançılarımız 1996-2018-ci illər arasında iştirak etdikləri 5 paralimpiadada 9 qızıl, 18 gümüş və 11 bürünc, ümumən 38 medala yiyələniblər. Bu qələbələrin qazanılmasında İlham Zəkiyev, Yelena Taranova, Ramin İbrahimov, Afaq Sultanova, Oleq Panyutin, Ramil Qasımov, Natali Pronina, Oloxan Musayev və bir çox başqalarının böyük xidmətləri olub. Məhz onların nailiyyətləri sayəsində Azərbaycan ümumdünya Paralimpiya hərəkatında liderlər sırasına çıxıb.

Paralimpiyaçılarımız, həmçinin Bakıda ilk Avropa Oyunları, eləcə də IV İslam Həmrəyliyi Oyunlarında da ölkəmizi layiqincə təmsil ediblər. Hazırda Milli Paralimpiya Komitəsinin nəzdindəki bölmələrdə yüzlərlə idmançı məşq edir. Onların sıralarının daha da genişləndirilməsi üçün yeni tədbirlər nəzərdə tutulur. Vətən müharibəsində yaralanan əsgərlərin idmana cəlb edilməsi ilə bağlı təşəbbüs bu baxımdan xüsusi maraq doğurur. Həmin layihə əsasında qazilərimiz Paralimpiya hərəkatına qoşularaq döyüş zamanı Qarabağda, Şuşada ucaltdıqları şanlı bayrağımızı yarış meydanlarında da dalğalandıra bilərlər.

Bu gün 25 illiyini qeyd edən paralimpiyaçılarımızın qarşıdakı növbəti sınaqlardan da şərəflə çıxacaqlarına, yeni zirvələrə doğru inamla irəliləyəcəklərinə bütün idmansevərlərin inamı sonsuzdur.


Xəbər 423 dəfə oxundu.