“Tokio-2020” üçün nəzərdə tutulan “Playbook”un təqdimatı olub
Fevralın 9-da Beynəlxalq Olimpiya Komitəsinin (BOK) pandemiya ilə bağlı təhlükəsizlik tədbirləri və hazırlıqlarının yer aldığı “Playbook”un təqdimatı olub.

“Tokio-2020”yə hazırlıq çərçivəsində nümayəndə heyətləri rəhbərləri üçün nəzərdə tutulan onlayn təqdimat mərasimində BOK prezidenti Tomas Bax, qurumun Milli Olimpiya komitələri ilə əlaqələr şöbəsinin rəhbəri Ceyms Maklaud və “Tokio-2020”nin Əməliyyat Komitəsinin məsul şəxsləri iştirak ediblər.

Təqdimat mərasimində çıxış edən T.Bax bildirib ki, “Playbook”un hazırlanması bir addım da Olimpiya Oyunlara yaxınlaşmaq deməkdir.

Mərasimdə bildirilib ki, “Tokio-2020” Yay Olimpiya Oyunları üçün “COCOA” adlandırılan xüsusi mobil tətbiq hazırlanıb. Proqram pandemiya ilə mübarizəyə həsr olunan və yoluxma riskini azaltmaq məqsədilə hazırlanan tədbirlər planı çərçivəsində ərsəyə gətirilib. Olimpiya Oyunlarına qatılacaq ölkələrin nümayəndə heyətlərinin hər bir üzvü bu proqramı 14 gün əvvəl öz mobil telefonuna yükləməlidir. Bundan sonra proqramın tələb etdiyi məlumatlar (hərarət, öskürək, ümumi vəziyyət və.s) haqda informasiyalar 14 gün ərzində mobil tətbiqə daxil edilməlidir. Bu “Tokio-2020”yə qatılacaq hər bir iştirakçının sağlıq durumu haqda Oyunların Əməliyyat Komitəsinin müvafiq qurumunun məlumatlandırılmasına xidmət edəcək. Bundan başqa, “Tokio-2020” Yay Olimpiya Oyunlarına yola düşməzdən 72 saat əvvəl nümayəndə heyəti üzvləri PZR testi verməlidir. İlkin qərara əsasən, Olimpiya kəndində hər kəs dörd gündən bir test verəcək. Xüsusi olaraq qeyd edilib ki, virusa qarşı ən yüksək təhlükəsizlik tədbirləri görülüb. İdmançılar və məşqçilər, media, beynəlxalq federasiyalar həmçinin, yayım işini həyata keçirəcək qurumlar üçün fərqli “Playbook”lar hazırlanıb.

Sonda “Tokio-2020” Yay Olimpiya Oyunlarının Əməliyyat Komitəsinin məsul şəxsləri ölkələrin Olimpiya komitələri nümayəndələrinin çoxsaylı suallarına cavab verib. MOK-un beynəlxalq əlaqələr departamentinin rəhbəri Anar Bağırov və marketinq departamentinin rəhbəri Mehman Kərimov təqdimatda iştirak ediblər.

Xəbər 441 dəfə oxundu.