FIDE universitetlər arasında birinci dünya çempionatı keçirəcək
Beynəlxalq Şahmat Federasiyası (FIDE) universitetlər arasında birinci dünya çempionatı keçirəcək.

Turnirdə universitetdə təhsil alan 1995-ci il təvəllüdlü və ya ondan aşağı yaşlı tələbələr iştirak edə bilərlər. Dünya çempionatı Rio-Qrande vadisindəki Texas Universiteti (www.utrgv.edu) tərəfindən ardıcıl üç həftə sonu keçiriləcək və dörd fərqli yarışdan ibarət olacaq. Belə ki, tələbə şahmatçılar martın 13-14-də blits, 20-21-də rapid üzrə fərdi yarışlarda mübarizə aparacaqlar. Komandalararası kubok yarışları isə martın 27-də blits, ertəsi gün isə rapid üzrə keçiriləcək. Fərdi turnirlər “Tornelo”, komanda yarışları isə “Chess24” şahmat plarformaları vasitəsilə baş tutacaq.
İsveçrə sistemi üzrə 20 turdan ibarət olacaq fərdi blits turnirində nəzarət vaxtı 3 dəqiqə + hər gedişə 2 saniyə olacaq. Yarışda eyni universitetin tələbələri bir-birlərinə qarşı oynaya bilməzlər. Qaydalara görə, hər bir universitetin komandasında ən çox yeddi idmançı təmsil oluna bilər.

Xəbər 366 dəfə oxundu.