Potensial rəqiblər kimlər oldu?
Bu gün Avroliqada III təsnifat mərhələsinin püşkatması keçirilib. İdman.com.az saytının məlumatına görə, püşkün nəticəsinə əsasən təmsilçilərimizdən “Xəzər Lənkəran”ın bəxti gətirsə də, “İnter” haqda bunu deyə bilmərik. Belə ki, “bankirlər” III mərhələyə çıxarsa, onu Portuqaliyanın “Maritimu” klubu ilə çətin sınaq gözləyir.

Lənkəranlıların rəqibi isə Skandinaviya təmsilçilərindən biri olacaq. Hər halda, bu, İsveçin AİK və İslandiyanın “Hafnarfyordur” klublarının duelində müəyyənləşəcək. Düzdür, İsveç təmsilçisinin güclü rəqib olduğunu düşünmək olar. Ancaq bu komandanın evdə İslandiya təmsilçisi ilə 1:1 hesablı bərabərliyə qalmağı həm hazırda səviyyəsini, həm də növbəti mərhələyə keçmək şansının azaldığını göstərir.

Elə “Xəzər Lənkəran” da Polşanın “Lex” klubu ilə evdəki ilk oyunda 1:1 hesablı bərabərliyə qalıb. “İnter” isə öz meydanında bu nəticəyə Yunanıstanın “Asteras” klubu ilə oyunda imza atıb. Bakılılar III mərhələyə yüksələrsə, yenə ilk oyunu evdə keçirəcəksə, cənub təmsilçisi səfərdə çıxış edəcək.

Xəbər 968 dəfə oxundu.