“Karabakh is Azerbaijan”: “Qubadli Cup” yarışının qalibləri müəyyənləşib
“Karabakh is Azerbaijan” onlayn şahmat seriyasının dördüncü turniri olan “Qubadli Cup” yarışı keçirilib.

Chess.az saytının təşkil etdiyi və Azərbaycan, Türkiyə, Ukrayna və Hindistandan yüzdən çox şahmatçının iştirak etdiyi seriyanın budəfəki yarışında 54 şahmatçı iştirak edib. Turnirin qalibi təmsilçimiz Yusif Mustafazadə olub. İkinci yeri Türkiyə təmsilçisi Kayra Özdemir, üçüncü pilləni isə digər şahmatçımız Orxan Bağırov tutub.

Keçirilmiş dörd turnirdən sonra ümumi hesaba aktivlərində 20 xalları olan şahmatçılarımız Elnur Mehtiyev və Orxan Bağırov başçılıq edirlər.

Seriya çərçivəsində bundan sonra daha 4 yarışın - fevralın 14-də "Shusha Cup", fevralın 21-də "Agdam Cup", fevralın 28-də "Kalbajar Cup", martın 7-də isə "Lachin Cup" turnirlərinin təşkili planlaşdırılıb. Seriya ümumilikdə, 8 turnir və böyük finaldan ibarət olacaq. Hər bir turnir işğaldan azad olunmuş şəhərlərimizin adını daşıyacaq. Səkkiz turnirin hər birində ilk altı yeri tutmuş şahmatçılar böyük finala düşmək üçün xallar qazanacaqlar.

Seriyanın sonunda, ən çox xal toplamış ilk 10 şahmatçı martın 14-də keçiriləcək böyük finalda oynamaq hüququ əldə edəcək.

Xəbər 403 dəfə oxundu.