“Pekin-2022” Qış Olimpiya Oyunlarının məşəli təqdim olunub
Çinin paytaxtı Pekində 2022-ci ildə keçiriləcək Qış Olimpiya və Paralimpiya oyunlarının məşəli təqdim olunub.

Olimpiya Oyunlarının keçirilməsinə bir il qalmış ictimaiyyətə təqdim olunan məşəl yuxarıya doğru spiral şəklində titrəyərək qalxan iki lenti xatırladır. Qırmızı və gümüşü rəngli məşəl qış idman oyunlarına işıq və istilik gətirəcəyini təcəssüm etdirən buz və alov metaforası təqdim edir. Üzərində “Pekin-2022” Qış Olimpiya Oyunlarının embleminin və Olimpiya halqalarının həkk olunduğu məşəl qar dənəciklərindən ibarət naxışlarla bəzədilib.

Qış Paralimpiya Oyunlarının məşəli isə eyni dizaynda, lakin qızılı və gümüşü rənglərdə hazırlanıb.

“Pekin 2022”nin məşəlləri paytaxtın həm Qış, həm də Yay Olimpiya oyunlarına ev sahibliyi edəcək ilk şəhər olması nəzərə alınaraq, 2008-ci ildə Çin paytaxtında keçirilmiş Yay Olimpiya Oyunlarının məşəlinə oxşadılıb.

Qeyd edək ki, 24-cü Qış Olimpiya Oyunları 2022-ci il fevralın 4-dən 20-dək, Qış Paralimpiya Oyunları isə martın 4-dən 13-dək Pekində keçiriləcək. Beləliklə, Pekin həm Yay, həm də Qış Olimpiya oyunlarına ev sahibliyi edən ilk şəhər olacaq.

Xəbər 387 dəfə oxundu.