Fabio Kapellonun köməkçiləri müəyyənləşib
Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Rusiya yığmasının yeni baş məşqçisi Fabio Kapellonun köməkçiləri müəyyənləşib. İdman.com.az saytının məlumatına görə, italiyalı çalışdırıcının başçılıq edəcəyi məşqçilər korpusunda 5 həmyerlisi yer alacaq. Bunlae Oreste Çinkuini, Franko Tankredi, Massimo Neri, İtalo Qalbyati və Kristian Panuççi olacaq.

Sözsüz ki, bunlar arasında ən tanınmış “Real”, “Milan”, “Roma” və İtaliya yığmasında çıxışı ilə məşhurlaşan Panuççidir. 39 yaşlı keçmiş müdafiəçi artıq karyerasını bitirərək, yenicə məşqçiliyə başlayıb. Kristian “Milan”la “Roma”da rəhbərliyi altında oynadığı Kapellodan dəvət alıb.

İtaliyalı çalışdırıcının daha bir köməkçisi gənc rusiyalı məşqçi olacaq. Ancaq onun italyanca danışa bilməyi əsas götürüləcək.

Kapello Rusiya Futbol İttifaqı ilə gələn çərşənbə rəsmi müqavilə bağlayacaq. Ancaq artıq bu həftə yeni işinə başlayacaq 66 yaşlı mütəxəssis həftəsonu start götürəcək Rusiya Premyer Liqasının ilk turunun oyunlarını izləyəcək. Belə ki, Moskvaya gələn kimi birbaşa MOİK – “Rostov” oyununu izləməyə yollanacaq Kapello ardından təyyarə ilə Sankt-Peterburqa “Zenit” – “Amkar” matçına baxmağa gedəcək. Bundan sonra vətəninə əşyalarını yığmaya qayıdacaq çalışdırıcının Rusiyaya növbəti səfəri daha gec olacaq.

Xəbər 989 dəfə oxundu.