Ralli üzrə dünya çempionatı qütb dairəsində keçiriləcək
Formula 1 avtoidman yarışları arasında ən populyarı olsa da, ralli üzrə dünya çempionatı da sürət həvəskarlarının izlədiyi ən maraqlı turnirlərdən biridir. Bu yarışın əsas özəlliyi isə ekstremal şəraitdə keçirilməsidir. Hər il gərgin mübarizə və əlverişsiz hava şəraitində keçən yarışlarda bu il də iştirakçılar adrenalin yaşayacaqlar.

Ralli üzrə dünya çempionatının ikinci mərhələsinin marşrutu açıqlanıb. Finlandiyada təşkil olunacaq bu yarışda iştirakçılar qütb dairəsində mübarizə aparacaqlar. Fevralın 26-dan 28-dək keçiriləcək yarışa Laplandiya vilayətinin Rovaniemi şəhəri ev sahibliyi edəcək.

On mərhələdən ibarət olacaq turnirdə iştirakçılar 251 kilometr məsafə qət edəcəklər. Bu ərazidə adətən havanın orta temperaturu mənfi 6 dərəcədən mənfi 14 dərəcəyədək olsa da, yarış vaxtı bu göstərici mənfi 20 dərəcə də olur. Qütb dairəsindəki əlverişsiz hava şəraiti nəzərə alındığından iştirakçılar özləri ilə mütləq şəkildə 2 ədəd bel və qalın geyim dəsti götürməlidir. Qəza vəziyyətində yarış maşını dayanacağı halda, açıq havada qalın geyinmədən gəzmək həyat üçün təhlükəlidir.

Xatırladaq ki, mövsümün ilk yarışı Monte-Karloda keçirilmişdi. Hazırda çempionata yeddiqat dünya çempionu Sebastyan Ojye başçılıq edir.

Xəbər 406 dəfə oxundu.