“Champions Chess Tour”: Teymur Rəcəbovun ilk rəqibləri müəyyənləşib
“Champions Chess Tour” onlayn şahmat seriyasının üçüncü - “Opera Euro Rapid” mərhələsində Azərbaycan şahmatçısı Teymur Rəcəbovun rəqibləri müəyyənləşib.

Şahmatçımız fevralın 6-da start götürəcək yarışın birinci turunda ilk qarşılaşmasını Matias Blubauma (Almaniya) qarşı keçirəcək. Günün sonrakı 3 qarşılaşmasında isə amerikalı şahmatçılar Sem Şenkland, Leyner Dominqez və Polşa təmsilçisi Yan-Kşıştof Duda ilə mübarizə aparacaq.

Turnirdə 16 şahmatçı mübarizə aparacaq.

Sentyabradək davam edəcək “Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq.

Xatırladaq ki, “Champions Chess Tour” seriyasının ikinci - “Airthings Masters” turnirinin finalında şahmatçımız Teymur Rəcəbov Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək qalib adını qazanıb. Ondan əvvəlki “Skillinq Open” yarışında da təmsilçimiz erməni rəqibinə prinsipial qarşılaşmada qalib gəlib. Həmin yarışın qalibi isə ABŞ şahmatçısı Uesli So olub.

Xəbər 396 dəfə oxundu.