Tokio Olimpiadasının qaydalarının ilk versiyası açıqlanıb
Beynəlxalq Olimpiya Komitəsi (BOK), Beynəlxalq Paralimpiya Komitəsi və “Tokio-2020”nin Təşkilat Komitəsi Yaponiyada keçiriləcək Olimpiya və Paralimpiya Oyunları qaydalarının ilk versiyasını təqdim edib.

Bu barədə BOK-un saytında məlumat verilib. Qaydalara görə, iştirakçıların sağlamlığı ilə bağlı məlumat vermək, maska taxmaq, sosial məsafənin qorunması, mümkün qədər fiziki təmasdan çəkinmək kimi prinsiplər əsas götürülür. Bundan başqa, idmançıların Oyunlarda yarışlara tamaşaçı kimi qatılması və tribunalarda azarkeşlər üçün şüarlar və alqışlar qadağan ediləcək.

Tokioya gəlməmişdən 72 saat əvvəl idmançılar koronavirus testinin mənfi olduğu barədə sənəd təqdim etməlidirlər. Oyunlarda iştirak etmək üçün idmançıların koronavirus əleyhinə peyvənd vurdurması mütləq deyil. Təhlükəsizlik tədbirlərinin pozulması idmançının yarışdan kənarlaşdırılması ilə nəticələnə bilər.

Tokio Yay Olimpiya Oyunlarının 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçirilməsi planlaşdırılsa da, koronavirus pandemiyası səbəbindən yarış bir il sonraya təxirə salınıb və bu il iyulun 23-dən avqustun 8-dək təşkili nəzərdə tutulur. Paralimpiya Oyunları isə avqustun 24-dən sentyabrın 5-dək keçiriləcək.

Xəbər 412 dəfə oxundu.