Futzal üzrə Azərbaycan millisi Avropa çempionatlarında 25-ci qələbəsini qazanıb
Futzal üzrə Azərbaycan millisi Avropa çempionatlarında 25-ci qələbəsini qazanıb.

Seçmə və final mərhələlərində ümumilikdə 53-cü matçına çıxan yığmamızın yubiley uğuru Yunanıstanla görüşə təsadüf edib. Bu, Avropa çempionatının seçmə mərhələsinin ikinci turunda qeydə alınıb. Afinadakı qarşılaşmayadək 24 dəfə qalib gələn millimiz səfərdə 3:0 hesablı qələbə qazanıb.

Komandamız digər matçlarda 9 heç-heçə edib və 19 dəfə uduzub.

Avropa səhnəsinə 1995-ci ildə çıxan yığmamız ilk qələbəsini 26 il öncə qazanıb. Həmin vaxt oktyabrın 23-də Polşa ilə üz-üzə gələn komandamız rəqibini 6:4 hesabı ilə məğlub edib.

Yığmamız bu görüşlərdə 185 qol vurub və 170-ni buraxıb.

Qeyd edək ki, millimiz seçmə mərhələdə Slovakiyanı 4:1, Yunanıstanı 3:0 hesabı ilə məğlubiyyətə uğradaraq 3-cü qrupun vahid lideridir.

Xəbər 389 dəfə oxundu.