Boks üzrə Avropa Olimpiya Təsnifat Turniri Londonda keçirilməyəcək
Boks üzrə Avropa Olimpiya Təsnifat Turnirinin yeri dəyişdirilib.

Bu barədə qərarı Beynəlxalq Olimpiya Komitəsinin boks üzrə işçi qrupu (BTF) verib.

Belə addımın atılmasına koronavirus pandemiyası səbəb olub. Ötən ilin martında Böyük Britaniyanın paytaxtı Londonda başlayan təsnifat turnirinin elə eyni məkanda davam etdirilməsi nəzərdə tutulmuşdu. Lakin Birləşmiş Krallıqda tüğyan edən infeksiya aprelə planlaşdırılan yarışın təşkilini mümkünsüz edir.

BTF turnir üçün yeni təşkilatçı şəhərin axtarışına başlayıb. Yeni şəhərin adı fevralın 17-də təsdiqlənməlidir. Bu, qurumun bəyanatında əksini tapıb: “BTF qərara alıb ki, “Tokio-2020”nin apreldəki boks üzrə Avropa Olimpiya Təsnifat Turniri artıq Londonda keçirilməsin. Qərar Böyük Britaniyaya gediş-gəliş və digər məhdudiyyətlərin qoyulması ilə bağlıdır. İndi digər mümkün variantlar nəzərdən keçirilir”.

Xatırladaq ki, boksçumuz Tayfur Əliyev Avropa Olimpiya Təsnifat Turnirində dörddəbir finala yüksəlməklə Tokio Olimpiadasına lisenziya əldə edib.

Xəbər 423 dəfə oxundu.