İntiqam Zairov : "London Olimpiadasında birinci olmaq istəyirəm"
“Pekin Olimpiadasına gedəndə əsgərlikdən təzə gəlmişdim. İki il ərzində məşq etdim və Olimpiadaya düşdüm. İndi o vaxtla müqayisədə fiziki və psixoloji hazırlığım daha yaxşıdır”. İdman.com.az məlumatına görə, bunu Azərbaycan Olimpiya yığmasının ağır atleti İntiqam Zairov deyib.

London-2012-də ölkəmizi 94 kq çəki dərəcəsində təmsil edəcək Avropa çempionatının mükafatçısı II cəhdində uğur qazanmaq arzusundadır. Belə ki, 4 il öncə Pekin Olimpiya Oyunlarında 9-cu olan Zairov Ağır Atletika Federasiyasının rəsmi saytına verdiyi açıqlamasında Böyük Britaniya paytaxtında çempionluğu hədəflədiyini deyib: “London Olimpiadasında birinci olmaq istəyirəm. Bunun üçün çalışıram, məşq edirəm. Olimpiya oyunlarında iştirak etmək və medal götürmək hər bir idmançının arzusudur”.

27 yaşlı ağırlıqqaldıranımız Olimpiya Oyunlarında toplam olaraq 405 kq start çəki sifariş verməyi planlaşdırır. Onun əsas rəqibləri sırasında isə Anatoli Siriqu (Moldova), İlya İlyin (Qazaxıstan), Seyid Məhəmmədpurkarkar (İran) və Kim Min-Jae (Cənubi Koreya) yer alırlar.

Qeyd edək ki, İntiqam dəfələrlə Azərbaycan çempionu, 2009-cu ildə Avropa çempionatının (Rumıniya) gümüş mükafatçısı, 3 il sonra analoji yarışın (Türkiyə, Antalya) təkanla qaldırmada bürünc medalçısı olub.

Xəbər 1086 dəfə oxundu.