Türkiyə Superliqası: "Fənərbağça" minimal hesabla qələbə qazanıb
Yanvarın 30-da futbol üzrə Türkiyə çempionatının XXII turunun ikinci günündə keçirilən qarşılaşmada "Fənərbağça" doğma meydanda "Rizəspor"u qəbul edib.

Qarşılıqlı hücumlar şəraitində keçən görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə bitib. Oyunda vurulan yeganə qolu qonaqların futbolçusu Gökhan Akkan topu səhvən öz qapısına göndərib.

Günün digər görüşündə isə "Hatayspor" səfərdə "Başakşəhər"i 5:1 hesabı ilə darmadağın edib. "Kasımpaşa" isə öz meydanında "Kayserispor"a uduzub - 0:1.
XXII turun digər oyunları yanvarın 31-də keçiriləcək.
Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 45 xalla "Fənərbağça" başçılıq edir. İkinci pillədə 44 xal toplayan "Beşiktaş", üçüncü pillədə isə 42 xala malik olan "Qalatasaray" qərarlaşıb.
Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXII turda "Konyaspor" istirahət edir.

Xəbər 341 dəfə oxundu.