"Mercedes" Luis Hamiltona üçillik müqavilə təklif etməyəcək
Formula 1 ictimaiyyətinin diqqətdə saxladığı mövzulardan biri Luis Hamiltonun “Mercedes”lə yeni müqavilə məsələsidir. Tərəflərin fikir ayrılığı səbəbindən hələ ki, yeni anlaşma imzalanmayıb. Amma “Mercedes”in icraçı direktoru Toto Volff bunu problemə çevirmək fikrində deyil.

Xarici mətbuat L.Hamiltonun “Mercedes”lə yaxın günlərdə müqaviləsini yeniləyəcəyini yazsa da, bu proses hələ də yubanır. Əslində tərəflərin razılığa gələcəyi heç kimə sirr deyil. Amma burada kimin güzəştə gedəcəyi maraq doğurur. Görünən odur ki, “Mercedes” indiki zamanda diktə edən tərəfə çevrilib. Bunu mətbuata açıqlama verən komandanın icraçı direktoru T.Volffun sözlərindən də başa düşmək olar. Komandanın funksioneri yeddiqat dünya çempionu ilə üçillik müqavilə imzalamayacaqlarını söyləyib. Amma Volff danışıqların yaxın günlərdə yekunlaşacağını və Hamiltonla anlaşacaqlarını da bildirib.

“Mercedes”in rəhbəri Hamiltonun tələblərini yerinə yetirmədiklərini başqa amillərlə də əlaqələndirib. Onun sözlərinə görə, yeni texniki reqlament də proseslərə təsir edib. Yeni qaydalardan sonra “Mercedes”in necə çıxış edəcəyi bəlli olmadığından uzun müddət Hamiltonu komandada saxlamaq problemə çevrilə bilər. O, həmçinin məvacib limitini də nəzərə almalı olduqlarını söyləyib. Bununla yanaşı, Volff Hamiltona təzyiq kimi ehtiyatda saxladıqları Corc Rasselldən istifadə etmək istəmədiklərini də bildirib.

Xəbər 401 dəfə oxundu.