Mahir Emreli Azərbaycan çempionatlarında 50-ci qolunu vurub
Azərbaycan Premyer Liqasının V turundan təxirə salınan “Qarabağ” – “Səbail” oyunu meydan sahiblərinin futbolçusu Mahir Emreli üçün əlamətdar olub.

Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsinə iki qolla töhfə verən hücumçunun rəqib qapısından keçirdiyi ilk top yubiley xarakteri daşıyıb. Bu, forvardın Azərbaycan çempionatlarında 50-ci qolu olub.

Həmin matçadək 49 dəfə fərqlənən Emreli ikinci qolu ilə bu rəqəmi 51-ə çatdırıb. O, bütün qollarını “Qarabağ”da vurub.

M.Emreli Premyer Liqada 130 görüş keçirib. Millimizin üzvünün orta məhsuldarlığı 0,39-a bərabərdir.

İlk qolunu 2015/2016-cı il mövsümündə vuran hücumçu 2015-ci il avqustun 23-də AZAL-la səfər qarşılaşmasında (2:0) qol hesabını açıb. O, həmin çempionatı 7 qolla tamamlayıb. 2016/2017-ci il mövsümündə 3, 2017/2018-ci il mövsümündə 8, 2018/2019-cu il mövsümündə 16, 2019/2020-ci il mövsümündə 7 dəfə fərqlənən futbolçu cari çempionatda 10 dəfə rəqib qapısına yol tapıb.

Futbolçu Azərbaycan çempionatlarının 29 illik tarixində 50 və daha çox qol vuran 37-ci futbolçu olub. 51-ci dəfə fərqlənməklə Mehman Baxışov, Viktor İqbekoyi, Vüqar Qəmbərov və Yalçın Bağırovu keçən forvard bombardirlər cədvəlində Həsən Abdullayevlə 32-33-cü yerləri bölüşür.

Qeyd edək ki, siyahıya 183 qola malik Nazim Əliyev başçılıq edir.

Xəbər 377 dəfə oxundu.