Tennisçilər sərt karantinlə bağlı fərqli fikirdədirlər
Fevralın 8-də start götürəcək Avstraliya açıq tennis turnirinə hazırlıq davam edir.

Turnirdə iştirak edəcək tennisçilər hazırda Melburn və Adelaidada sərt karantin şəraitində yarışa hazırlaşırlar.

Raketka ustaları buradakı şərait barədə müxtəlif fikir səsləndirirlər. On dörd gün bağlı qapılar arxasında qalmalı olan tennisçilər gün işığına və havaya həsrət qaldıqlarından şikayətlənirlər.

“Böyük dəbilqə” seriyalı turnirlərin 23 qat qalibi Serena Uilyams Avstraliyadakı şərait haqda danışarkən ikili hisslər keçirdiyini söyləyib. O, sərt karantin şəraitində yaşamağın mümkünsüzlüyünü qeyd edib. Amma amerikalı raketka ustası Avstraliyada insanların artıq koronavirusa yoluxmadığını və bunun nikbinlik üçün əsas verdiyini söyləyib.

“Böyük dəbilqə”nin 20 qat çempionu Rafael Nadal isə tənqidçiləri anlamadığını bildirib: “Bu, adi vəziyyət deyil. Hər halda, Avstraliyaya gəlmişiksə, deməli, tennis oynamaq istəyirik. Hazırda bütün dünya koronavirusdan əziyyət çəkir. Bizim bu şəraitə görə nədənsə şikayətlənməyə haqqımız yoxdur. Əksinə, bizə təhlükəsiz çıxış etməyə şərait yaratdığına görə Avstraliya Tennis Federasiyasına təşəkkür etməliyik”.

Xəbər 441 dəfə oxundu.