Bu gün futzal üzrə Azərbaycan millisi Slovakiya yığmasını qəbul edəcək
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün futzal üzrə Azərbaycan milli komandası Slovakiya yığması ilə qarşılaşacaq.

Bakı İdman Sarayında keçiriləcək qarşılaşma saat 18:00-da başlayacaq.

COVID-19 pandemiyası ilə əlaqədar azarkeşlər və media üçün qapalı olacaq oyun “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.

Qarşılaşmanı Rusiyadan olan hakimlər idarə edəcəklər. Matçın birinci hakimi İrina Velikanovadır. Digər xətdə isə Yuri Neverov iş başında olacaq. Üçüncü hakim funksiyasını həmyerlimiz Hikmət Qafarlı yerinə yetirəcək. Saniyəölçən isə Knyaz Əmiraslanov olacaq.

Matçın hakim-inspektoru xorvatiyalı Edi Sunjic, UEFA nümayəndəsi isə danimarkalı Tai Regel Pundikdir.

Bu oyun Azərbaycan millisinin Slovakiya yığması ilə sayca 7-ci dueli olacaq. Komandalar müxtəlif vaxtlarda 6 rəsmi oyun keçiriblər. Bu matçların 3-də millimiz qələbə qazanıb, iki qarşılaşmada isə heç-heçə qeydə alınıb. Yalnız ilk oyunda qələbəni rəqibimiz aktivinə yazdırıb.

Xəbər 402 dəfə oxundu.