Tokio Olimpiadası üzrə təşkilat komitəsi və BOK yarışların keçirilməsi üçün əməkdaşlığı genişləndirəcək
Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsinin sədri Yoşiro Mori və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax yarışların təşkili ilə bağlı əməkdaşlığı genişləndirəcək.

Bu barədə tərəflər arasında razılıq yanvarın 28-də baş tutan telefon danışığı zamanı əldə edilib.

Telefon danışığı barədə jurnalistlərə məlumat verən Y.Mori bildirib ki, koronavirus pandemiyası ilə bağlı irəli sürülən müxtəlif fikirlərə baxmayaraq, hər iki tərəf yarışlara hazırlığın davam etdirilməsinin zəruriliyini qeyd ediblər. Tərəflər arasında Oyunların uğurlu təşkili ilə bağlı əməkdaşlığın genişləndirilməsi qərara alınıb.

Y.Mori qeyd edib ki, telefon danışığı zamanı T.Bax gələn ay BOK-un, Yaponiya hökumətinin, Tokio paytaxt administrasiyasının və təşkilat komitəsinin nümayəndələrinin iştirakı ilə görüşün təşkilini təklif edib.

Təşkilat komitəsinin sədri, həmçinin rəsmi şəxslər tərəfindən görülmüş işlərin təhlilinin aparılmasının və bundan sonra atılacaq növbəti addımların müəyyənləşdirilməsinin zəruriliyini bildirib.

Danışıqlar zamanı Yaponiyada vaksinasiya ilə bağlı görülən işlərlə maraqlanan T.Bax tezliklə daha çox insana peyvənd vurulacağına ümid etdiyini bildirib.

Oyunların tamaşaçılarsız keçirilməsi barədə ideyanı dəstəkləmədiyini bildirən Y.Mori yarışlara buraxılacaq tamaşaçı sayının və xaricdən gələn qonaqların qəbulu ilə bağlı müzakirələrin yazda aparılacağını deyib. Bu barədə qərarın həmin vaxt mövcud vəziyyət nəzərə alınaraq qəbul ediləcəyini bildirib.

Xəbər 415 dəfə oxundu.