NHK telekanalı: Yaponiya korporasiyalarının əksəriyyəti Tokio Olimpiadasının təşkilini dəstəkləyir
NHK telekanalının keçirdiyi sorğunun nəticələrində əsasən, Yaponiyadakı korporasiyaların əksəriyyəti Tokio Olimpiya və Paralimpiya Oyunlarının cari ilin yayında bu və ya digər formada təşkilini dəstəkləyir.

Bu barədə telekanalın dekabrın sonlarından yanvarın ortalarınadək 100 aparıcı korporasiya arasında apardığı sorğunun nəticələrinə görə bildirilir. Qeyd edilir ki, bütün şirkətlər sorğuda iştiraka müsbət reaksiya verib.

Sorğunun nəticələrinə görə, 100 korporasiyadan 48-i yarışların qısaldılmış formada keçirilməsini dəstəklədiyini bildirib. 13 şirkət isə Oyunların əvvəlki formatda təşkilinə tərəfdar olub.

Şirkətlərin çoxunun bildirdiyinə görə, yarışlar ölkə iqtisadiyyatını və cəmiyyəti canlandıracaq. Eyni zamanda, bəziləri Oyunların tamaşaçılarsız keçirilsə də, idmançılar üçün əhəmiyyətli olacağını vurğulayıblar. Yalnız koronavirus pandemiyasına əsas gətirən üç şirkət Olimpiadanın keçirilməsinin əleyhinə olduğunu bildirib.
Rəyi soruşulan şirkətlərdən 36-sı tədbirlə bağlı fikir bildirməkdən çəkinib. Bir qismi isə hökuməti qəbul etdikləri qərarla bağlı ehtiyatlı olmağa çağırıb.

Qeyd edilir ki, Oyunlara münasibətdə korporasiyaların rəyi ictimaiyyətin məsələyə mövqeyi ilə müqayisədə ziddiyyət təşkil edir. Belə ki, NHK telekanalının cari ayın əvvəllərində keçirdiyi digər sorğunun nəticələrinə görə, rəyi soruşulanların təqribən 80 faizi yarışların təxirə salınmasına tərəfdar olduğunu bildirib.

Xəbər 371 dəfə oxundu.